"Qarabağ" Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev "Dinamo"sunu qəbul edib. Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "Qarabağ" Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Gərgin, stressli oyun idi. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyunun içində oldular. Qarşımızda uduzmaq istəməyən rəqib var idi. Topla düzgün şeylər etdik. Toplu da, topsuz da. Vacib qələbə əldə etdik. Azarkeşlərə təşəkkür edirəm. Sanki keçən ili ÇL-in qrupundakı ab-hava, birlik bu gün də stadionda var idi. Rəqibə də uğurlar arzulayıram. Bizim üçün bu cür rəqiblə oynayıb, qalib gəlmək xoş oldu. "Dinamo"ya Bakıda azarkeşlik edən çox adam var. Biz özümüz də uşaq vaxtı azarkeşlik etmişik onlara".
- Rəqib baş məşqçi dedi ki, "Qarabağ" imkanlardan yararlandı deyə, qalib gəldi. Birinci oyunla ikinci oyun arasında hansı fərqlər var idi?
- Çox fərq var idi. Burada həm daha aktiv idik, pressinqlərimiz daha düzgün alınırdı, topla daha düzgün, tez davranırdıq. Rəqibi topsuz qoymağa çalışırdıq. İkinci hissədə bəzi dəyişikliklər oldu. Bu cür istidə 90 dəqiqə eyni tempi saxlamaq mümkün deyildi. Hazırlaşdığımız çox şey var idi, onu da gördük. Dəyişiklik mən tərəfdən var idi.
- Mateuş Koxalskinin ehtiyatda qalması nə ilə əlaqədardır?
- Oyunu qane edir. Ayrılmağı ilə bağlı da heç bir fikir, danışıq yoxdur. Sadəcə bəzi yazılar var idi. Amma elə şey yoxdur. Futbolçulara bəzən istirahət daha faydalı olur. Martin Zlomisliç də özünü yaxşı tərəfdən göstərdi. Koxalskinin getməsi barədə heç nə yoxdur. Martinin oynamasının risk olduğunu düşünənlər ola bilərdi, amma mən belə düşünmürdüm.
- Ən razı qaldığınız oyun "Dinamo"ya qarşı bu gün oldu?
- Qalibiyyət olanda, həmişə daha çox razı qalırsan. Amma birinci iki oyunda da yaxşı oyunumuz var idi. Həm Bakıdakı, həm də səfərdəki matçda. Amma daha xarakterli, daha döyüşkən matçı Sofiyadakı 120 dəqiqədə daha bərk, daha möhkəm idik. 120 dəqiqədə dözdük. Hər oyunun öz dəyəri, öz keyfiyyəti var. Qalibiyyət bəzən çox şeyi üstələyir. Desəm ki, bu gün oyundan tam razıyam. Təbii ki, daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdim. Get-gedə yaxşılığa doğru çox şey olacaq.
- "Tvente"yə qarşı necə oynamalısız?
- "Tvente"nin oyununa baxmamışam. Sadəcə qollara baxmışam, hansı ki, 6:0 qalib gəlmişdilər. Yaxşı qollar vurdular. Sırf Niderland futbolu qolları idi. İlk qrup mərhələsinə bu rəqibi məğlub edərək düşmüşük. Topa nəzarət etməyi bacaran kollektivdir. Ola bilər ki, bu matçda daha çox düşünməli olacağıq. Daha çox hərəkətli olmaq lazım gələ bilər. Hazırlaşmaq üçün vaxtımız olacaq.
- Elvin Cəfərquliyev zədədən sonra meydana gec qayıtdı, Zubir də əvəzlənəndə Lobato meydana gec daxil olmalı oldu...Yeni qaydalar haqda fikriniz necədir?
- Birinci epizod elədir ki, qaydadır, bir dəqiqə kənarda gözləməlisən. Elvində ağrılar oldu. İkinci epizodda isə cüzi saniyələr var idi. Belə anları hakimlər də başa düşməlidir, gərgin, isti havadır. Baxdım Zubirə gördüm ki, yanımdadır, tez gəldi. Normal haldır. Belə hallar çox olacaq. Aut atışı, qapıçı topu başlayanda....Hələ tam hamı formalaşmayıb...
- Zlomisliçin meydana buraxılması riskli qərar oldu. Onun oynunu necə qarşılayırsız?
- Risk etməyən qəhrəman olmaz. Risk deyildi, sadəcə Martin təcrübəli qapıçıdır. "Riyeka" ilə avrokuboklarda oynayıb. Ən azından dünya çempionatında oynamasa da,orada olub, futbolu hiss edib. Təcrübəsi ilə bağlı narahatçılığım yox idi. Olsaydı, buraxmazdıq.
- Elvin Cəfərquliyev deyib ki, bir neçə müddət asfaltda məşq etmişəm. Elvin şıltaqlı dövrünü geridə qoyub?
- Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin. Asfatlda məşq etməyib məncə..Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik(gülür).
- "Sabah"ın şanslarını necə dəyərləndirirsiz? "Qarabağ"la "Sabah" rəqabəti çempionatımıza nə verəcək? Maqsud Adıgözəlov da deyib ki, "Qarabağ" qarşımızda idi deyə, bu rəqabətdən motivasiya aldıq...
- "Sabah"a uğurlar arzulayıram. Bu cür komandalar, belə nəticələr olmasa, futbol inkişaf etməz. Bu gün ilk ÇL-in pley-off mərhələsində çıxmaq böyük uğurdur. Digər tərəfdən həm oyun, həm də nəticə çox cəlbedicidir. Dəfələrlə demişəm ki, "Sabah" çox planlı şəkildə işini qurub, gələcəyi düşünərək...Bu, ancaq bizə motivasiya verir, həm də digər koamandalara. Həm də ki, Azərbaycan futboluna böyük inam verir. Əgər biz şansımızdan istifadə etdiksə, ÇL, Avropa Liqasında qruplarda oynadıqca, "Sabah" bunu təkrarlayırsa, Qəbələ" və "Neftçi" illərlə davam etsəydi, digər klublar daha inamlı olacaqdılar. Sponsorlar daha tez cəlb olunacaqdılar. Bu gün bu nəticələr varsa, həm Azərbaycanda futbola belə maraq varsa..."Sabah"ın cavab oyununda stadion dolu idi. Digər klublar da buna görə həvəslənir. Təşəkkür edə bilərik buna görə onlara, rəhbərliyinə, belə iş qurduqlarına görə. Uduza da bilərik, uda da bilərik. Əsas odur futbolumuz canlansın. "Sabah" inşAllah inamla gedir. ÇL-ə düşərlər. Biz də düşsək, iki komanda daha maraqlı olar. Tez-tez avropa oyunu izləmək hamı üçün təcrübə olacaq. "Sabah" rəhbərliyinə təşəkkür edirəm ki, belə fikirlər söyləyiblər.
- "Sabah" və "Qarabağ" eyni vaxtda evdə oynayacaq, 1-2 gün ara ilə. Stadionun yüklənməsi sizi narahat edir?
- Bu gün də narahat edir meydança. Şükürlər olsun ki, hələ belə saxlayıblar. Əvvəllər daha pis durumda olurdu. Komandalarla da, stadionla dil tapacağıq. Təki belə problemlərimiz olsun.
- "Qarabağ"ın Konfrans Liqasında şanslarını necə dəyərləndirirsiz?
- Şanslar var. Bəzən istədiyim dəyişiklikləri edə bilmirdim. Hər mövqe üçün oyunçu istəyirik, müdafiə xəttinə, hücum xəttinə. Maksimum 1 oyunçu transfer etmək istəyirik.
Mirbağırağa
saytlarin hazirlanmasi
