"İdman TV" yeni mövsümdə nüfuzlu yarışları yayımlayacaq.
Sportal.az xəbər verir ki, dünya idmanının nəbzini tutan "İdman TV" yeni mövsümdə də azarkeşlərə nüfuzlu beynəlxalq yarışları izləmək imkanı yaradacaq. Kanal İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və futbolun ən köklü turnirlərindən olan FA Kubokunun Azərbaycanda eksklüziv yayım hüququna sahibdir.
Premyer Liqada çempionluq, avrokuboklara vəsiqə və turnirdə qalmaq uğrunda mübarizə, La Liqada isə “Real”, “Barselona”, “Atletiko” və digər aparıcı klubların qarşılaşmaları tamaşaçılara təqdim olunacaq. Müəyyən fasilədən sonra yenidən yayımlanacaq FA Kuboku da azarkeşlər üçün xüsusi maraq doğuracaq.
Yeni mövsümün əsas yeniliklərindən biri Bundesliqanın geri qayıtmasıdır. “Bavariya”, “Borussiya”, “Leypsiq”, “Bayer” və digər klubların oyunlarını televiziyada, eləcə də "İdman TV"nin YouTube platformasında da izləmək mümkün olacaq.
Avropa basketbolunun ən nüfuzlu yarışlarından olan Avroliqa da mövsüm ərzində canlı yayımlanacaq. “Fənərbağça”, “Anadolu Efes” və “Beşiktaş”ın iştirakı turnirə əlavə maraq qatacaq.
Beləliklə, futbol və basketbolun ən böyük yarışları yeni mövsümdə də azarkeşlərin görüşünə gəlir: Premyer Liqa, La Liqa, FA Kuboku, Bundesliqa və Basketbol üzrə Avroliqa – "İdman TV"də!
saytlarin hazirlanmasi
