"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim oyunçular da pis çıxış etmədi. İlk qola qədər rəqibə imkan vermədik. Standart vəziyyətdən sonra fərqləndilər və bu qol bizdə inamsızlıq yaratdı. Rəqib isə daha güvənli oynamağa başladı. Qola reaksiya verməyə çalışsaq da, alınmadı. Fasiləyə qədər fərqi azaltmaq istədik. İkinci hissəyə dəyişikliklə başladıq. Küləkli hava da bir az çətinlik yaratdı. Geridönüş etmək istəsək də, rəqib bizi əks-hücumda yaxaladı və daha bir qol vurdu. 1:3-dən sonra azlıqda qaldız. Futbolçumuz öz səhvindən qırmızı vərəqə aldı. 11 nəfərlə qalsaydıq, bəlkə daha yaxşı oynayar, geridönüş edə bilərdik".
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 1-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, heyətin kasad olmasından və kapitanı Səbuhi Abdullazadənin meydandan qovulması haqda da danışıb: "Nələrisə bəhanə etmək üçün bura gəlməmişəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Əlimdəki materialın ən yaxşısından istifadə etməyə çalışıram. Transferlər olacaq, heyətimiz komplektləşəcək. "Neftçi" ilk rəsmi matçına çıxanda biz toplanışa başlayırdıq. Yeni oyunçular bizimlə cəmi 2-3 məşq keçiblər.
Kaş Səbuhi belə etməzdi. Amma futbolda bu cür hallar olur. O, bizim kapitanlarımızdandır".
saytlarin hazirlanmasi
