Andrey Şevçenkonun oğlu 7-ci divizion klubunda

17:59 - 3 Oktyabr 2026

İngiltərə çempionatının səviyyəsinə görə 7-ci divizionunda çıxış edən "Şolinq" Kristian Şevçenkonu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı futbolçu ilə əməkdaşlıq şərtləri gizli saxlanılıb. "Transfermarkt" portalı isə hücumçunun 2027-ci ilin iyununa qədər müqavilə imzaladığını bildirir.

Şevçenko yeni klubuna azad agent kimi qoşulub. Onun "Uotford"la müqaviləsinin müddəti mayda bitmişdi.

​Kristian ötən mövsüm "Uotford"un gənclər komandasının heyətində U-21 Premyer Liqa Kubokunda 5 matçda iştirak edib və 2 qol vurub. O, bu klubun akademiyasına 2023-cü ildə "Çelsi"dən keçib.

Şevçenko 2025-ci ildə Ukraynanın U-20 yığmasında debüt edib. 19 yaşlı forvard "mavi-sarılılar"ın heyətində ümumilikdə 4 matç keçirib, lakin hələlik məhsuldar göstərici ilə yadda qalmayıb.

Qeyd edək ki, Kristian Şevçenko əfsanəvi hücumçu, hazırda Ukrayna Futbol Federasiyasının prezidenti olan Andrey Şevçenkonun oğludur.

Xəbər xətti