"Fənərbaxça"nı çempion etmiş baş məşqçi "Bursaspor"da

12:55 - 13 Avqust 2013

"Türkiyəyə qayıtdığım üçün çox xoşbəxtəm"
 
Tanınmış almaniyalı məşqçi Kristof Daum yenidən karyerasını Türkiyə çempionatında davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, o, bundan sonra Superliqa klublarından “Bursaspor”a başçılıq edəcək. Daum UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Vayvodina”ya məğlubiyyətdən sonra istefa verən Hikmət Karamanı əvəzləyəcək. Artıq alman mütəxəssislə ilkin razılığa gəlinib. Məşqçi ilə komanda arasında iki illik müqavilə imzalanacaq. 
 
Almaniyanın Köln şəhərində olan Daum transfer işlərinə də başlayıb. Onun Kazım Kazım, Semih Şəntürk, Sərdar Kesimal və Moris Edunu yeni komandasında görmək istədiyi bildirilir. 
 
Yeni iş yeri ilə bağlı FİFA-nın rəsmi saytına danışan alman məşqçi bunları deyib:
 
“Yenidən Türkiyəyə qayıtdığım üçün çox xoşbəxtəm. Ukrayna, Çin və Ərəbistandan da təkliflər gəldi. Amma mən “Bursaspor”a üstünlük verdim. Çünki Türkiyəni və insanlarını yaxşı tanıyıram. Qərarımın doğruluğuna da şübhə etmirəm”.
 
Qeyd edək ki, Superliqa Dauma yad çempionat deyil. Çünki o, müxtəlif illərdə İstanbul klublarını – “Beşiktaş” və “Fənərbaxça”nı çalışdırıb və bu komandalar ilə çempionluq sevinci yaşayıb. Onun sonuncu iş yeri isə keçən il tərk etdiyi Belçikanın “Brugge” klubu olub. 

Xəbər xətti