"Sponsor yoxdur, yaxşı olar ki, AFFA bu klublara güzəştə getsin"

19:37 - 8 May 2024

"Mən AFFA-nın yeni rəhbərliyinin aşağı liqa klublarına diqqəti bir qədər də artıracağını gözləyirəm".

Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Dinamo"nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

II Liqada ilk mövsümü arxada qoymaq üzrə olan klubun rəhbəri növbəti "futbol ili" ilə bağlı təklifini səsləndirib:

"Bilirsiz ki, I Liqa iştirakçılarına illik olaraq 300 min, I Liqa iştirakçılarına 50 min manat ayrılır. Bu, ciddi məbləğdir.

Mən dövlət təşkilatlarına, AFFA və PFL-ə təşəkkür edirəm ki, klublara belə bir dəstək verirlər. Əsas problem klubların özləriylə bağlıdır.

Əksəriyyətinin sponsoru yoxdur. Dövlət dotasiya ayırmasa, onların çoxu bir gecənin içində fəaliyyətini dayandıracaq.

Bu problemin həlli vacibdir. Növbəti mövsümdən Premyer Liqa, I Liqa və II Liqaya maliyyə dəstəyinin daha da artacağını fikirləşirəm.

Yəqin ki, bu istiqamətdə qərarlar veriləcək. Bununla paralel, ayrılan vəsaitin xərc istiqamətlərində dəyişikliyə ehtiyac var.

Həmin məbləğ əsasən maaşların ödənilməsi üçün nəzərdə tutulur. Klubların xərc istiqamətləri müxtəlifdir.

Futbolçuların və məşqçilərin maaşını ödəməklə iş bitmir. Nəqliyyat, geyim, qida və digər məsrəflər var.

Yaxşı olar ki, AFFA bu istiqamətdə klublara güzəştə getsin, onların problemlərinin həllinə kompleks yanaşsın.

Məsələn, komandaların nəqliyyat xərcinin ödənilməsinə kömək göstərilməsi. Məsələn, bütün aşağı liqa klublarının forma dəstləri ilə təminatı.

Bildiyimə görə, AFFA geyimləri xaricdən sifariş edib gətirir. AFFA bu malı Azərbaycana gətirəndə əlavə gömrük ödəməsindən azaddır.

Klublar isə təkcə buna görə ikiqat xərcə düşür.

Biz "Dinamo"nun geyimlərini Türkiyədən sifariş edib gətirmişik. Xeyli məbləğ ödəmişik.

AFFA bütün klublar üçün geyim təşkil eləsə, hamının ödəmə yükü kifayət qədər azalar. Bu da aşağı liqada çıxış edənlərə böyük kömək olar".

Xəbər xətti