"İnter"in futbolçusu ümid verdi:"İnanıram ki, oynayacam" MÜSAHİBƏ

10:02 - 30 Noyabr 2013

Asif Məmmədov:"Bu, bir az mümkünsüzdür"
 
"İnter"in futbolçusu Asif Məmmədovun Sportal.az-a müsahibəsi
 
- Son oyunda son çempion "Neftçi"yə qalib gəldiniz...
- "Neftçi" ilə oyunda bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq və layiqli qələbə qazandıq. Yetərincə qol epizodları yarada bildik və bu oyunda əsas o idi ki, əlimizə düşən fürsətləri boşa vermədik. 
 
- Bu oyunda meydana sonradan daxil oldun. Bu mövsüm səni nadir hallarda əsas heyətdə görürük. Səbəbi nədir?
- Elə bir ciddi səbəb yoxdur, heyəti baş məşqçi müəyyən edir, bu da onun qərarıdır. Hələ gələcəkdə çox oyun var, inanıram ki, oynayacam.
 
- Belə getsə, komandadan ayrılmağı düşünmürsən?
- Mənim hələ klubla müqaviləm var. Hələlik bu barədə fikirləşmirəm. İndi çalışıram ki, əvvəlki formamı bərpa edim.
 
- "Neftçi" ilə oyundan sonra dəhlizdə nələr baş verdi?
- Futbolda belə halların baş verməsi normaldır, elə də ciddi bir problem yox idi, orada olanlar elə dəhlizdə də qaldı.
 
- Deyə bilərik, "İnter" artıq istədiyi oyunu tapıb?
- Bəli, son oyunlardan da görünür ki, biz öz oyunumuzu tapmışıq.
 
- Qış fasiləsinə qədər ilk üç yerdən birində qərarlaşmağınız mümkündür.
- Bu bir az mümkünsüzdür, amma qış fasiləsindən sonra çalışacağıq ki, ən azı mövsümü ilk üçlükdə tamamlayaq.
 
Yusif HÜSEYN

Xəbər xətti