Tahir Gözəl: "Allahın köməyi ilə çempion olacağıq"

14:05 - 17 Mart 2014

"... Çempionlar Liqasında iştirakımızı təmin etməliyik"
 
"İnter" üzərində qələbəni canlı izləyən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl  maraqlı açıqlamalar verib.
 
Sportal.az həmin açıqlamaları təqdim edir
 
"Maraqlı və gərgin oyun izlədik. Çox sevinirəm ki, komandam inamlı qələbə qazandı. Qarabağ hər tur çempionluğa bir addım da yaxınlaşır. Buna görə də sevincimin həddi-hüdudu yoxdur. Komandamdan çox razıyam" - deyə, klub rəsmisi qeyd edib. 
 
21 illik çempionluq həsrətinə son qoymağa çox yaxın olduqlarını bildirib:
 
"Allahın köməyi ilə bu dəfə çempion olacağıq. Bu fürsəti əldən verməməliyik. Çempionluq çox yaxındır. Ancaq yaddan çıxarmaq olmaz ki, futbolda gözlənilməz nəticələr də olur. Komandam qəti arxayınlaşmamalı, sona kimi mübarizəni davam etdirməlidir. Bizim üçün hər tur önəmlidir. Komandam bütün oyunlarda belə mübarizə aparsa, çempion olacağıq". 
 
"Komandanız Çempionlar Liqasının qrup turnirinə düşə bilərmi" sualını, klubun vitse-prezidenti belə cavablandırıb. 
 
"İlk növbədə milli çempionatın qalibi olub Çempionlar Liqasında iştirakımızı təmin etməliyik. "Qarabağ" hər zaman Azərbaycanın ən aparıcı klubu olub və ölkəmizi Avropada layiqincə təmsil etməyə çalışıb. İnanıram ki, yenə uğurlu nəticələr qazanmaqla sözümüzü deyəcəyik".
 
mənbə: supersport.az

Xəbər xətti