Tələbə futbolunda yeni dönəm VİDEO

14:13 - 20 Mart 2014

Fazil Qarayev: "Yığmada tələbə yox, futbolçu olan tələbələr oynamalıdır"

 

Martın 18-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib. Seleksiya xarakterli məşq zamanı 20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq proseslərində təkmilləşdirilməsi nəzərdə tutulub. Yığmaya Təhsil Nazirliyi,  Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək “Təhsil kuboku”nun iştirakçı komandalarından futbolçular cəlb olunub. Bu yarış çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular həmçinin yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycan tələbələrini təmsil etmək hüququ qazanacaqlar. "Təhsil kuboku" çərçivəsində oyunlara isə 2014-cü ilin aprel ayında start veriləcək. Burada uğur qazanan ali məktəb komandaları, həmçinin fərqlənən oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən mükafatlandırılacaqlar. 

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağını artırıb. Təhsil Nazirliyi isə futbolla bağlı məlumatların geniş yayılması və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməklə,  uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması istiqamətində fəal iş aparır.

 

Xəbər xətti