Futbolumuzun boz kardinalı YAZI

15:05 - 9 Oktyabr 2014

Foqtsun havadarı kimdir?

 

El arasında deyirlər ki, hər yetimin bir Allahı var. Düzdü, nə Foqts yetimdi, nə də Elşad Nəsirov Allah. Ancaq AFFA-nın vise-prezidentinin gözü necə bağlanıbsa, adamın gözündə dünya futbolunda Fotqsdan böyük məşqçi yoxdur.

 

Deyirik ki, futbolumuz düzəlsin. Mən də deyirəm təsəvvür eləyin ki, bir əsgər döyüş meydanında yaralanıb, can üstdədir. Onu təcili əməliyyat etmək lazımdır, cərrah isə yoxdur. Yaralı əsgərin dostları da yığışıb onun halına acıyırlar. Bizim futbolumuzun da bu günkü durumu buna bənzəyir.

 

Bu futbolu kim düzəltsin?

 

AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun müsahibəsindən maraqlı bir hissəni oxuyun:

 

“Bizim yığma komandamızda ən cəsarətli adam elə Berti Foqtsun özüdür. Gəlin, bir qədər əvvələ qayıdaq. Foqts ilk dəfə Azərbaycana gələndə hər birimiz çox həyəcanlı idik. Düşünürdük ki, dünya və Avropa çempionu Azərbaycana gəlir. Sözün açığı, biz onun millimizdə çalışmaqla bağlı razılıq verəcəyinə də şübhəylə yanaşırdıq. Bu gün Foqts millinin qarşısına çox ciddi, böyük məqsəd qoyub. Mən Foqtsun fikrinə güvənirəm. Bu gün o, Azərbaycanda ən böyük mütəxəssisdir. Əgər Foqts deyirsə ki, bizim komandamız qrupda üçüncü yeri tuta bilər, deməli bu, həqiqətən də mümkündür”.

 

Burda deyərlər, dağıl, ey dünya, dağıl! Bir AFFA-nın ki, vitse-prezidenti bu düşüncənin sahibidirsə, biz hansı inkişafdan, hansı futboldan danışırıq?

 

Elşad Nəsirov Şotlandiyadan qovulan, Nigeriyadan deportasiya edilən birinin Azərbaycandan gələn sərfəli təklifə razılıq verəcəyinə şübhə ilə yanaşdığını deyir. Axı, bizdən başqa kimə lazım idi bu uğursuz qoca? Müasir dünya futbolunda Mourinyo, Venger, Qvardiola, Klopp, Simeone kimi məşqçilərin dövrüdür. Və səhv etmirəmsə, onlardan heç biri nə futbolçu, nə də məşqçi kimi dünya çempionu olmayıb.

 

Elşad Nəsirov deyir, yığmada ən cəsarətli adam Berti Foqtsdur. Mən də deyirəm ki, millidə qorxağın ən yekəsi elə Foqtsdur. Millinin sabiq baş məşqçisi Karlos Alberto Torresdə olan cəsarət Foqtsda olsaydı, Azərbaycan futbolunda 0:8-dən də betər nəticələr olardı. Və ya əksinə, Torres də Foqts kimi 11 nəfərlə müdafiə olunsaydı, heç zaman böyük hesabla məğlub olmazdı.

 

Danışqdıqca nə danışdığının fərqinə varmayan Nəsirov hələ qrup üçüncülüyünün mümkünlüyündən də danışıb. İnandırım sizi ki, buna heç Foqtsun özü də inanmır. Sadəcə, fikirləşir bir-iki il də artıq işləyib pul qazanar, sonra da deyər ki, bu futbolçularla alınmır.

 

Dəqiq bilirəm ki, Foqtsu Azərbaycan futboluna Elşad Nəsirov urcah eləyib. Onu Azərbaycanda saxlayan da, futbolumuzun boz kardinalı Elşad Nəsirovdu. Biz isə düşmüşük Rövnəq Abdullayevin üstünə. Çünki AFFA-nın prezidenti Nəsirov deyil, Rövnəq bəydi. Bəli, Nəsirov sanki “play station”dakı kimi arzularını həyata keçirir, camaatın qınağına isə Abdullayev gəlir.

 

İndi siz deyin, bu futbol necə düzəlsin? 

 

Emin ABBASOV

Xəbər xətti