Premyer Liqanın tapıntıları – Seymur Əsədov

"Bakı" və "Qəbələ"də möhkəmlənə bilməyən istedad

 

Sona yaxınlaşmaqda olan 2014/2015 mövsümü bizə yeni-yeni simalar tanıtdırdı ki,  Sportal.az-ın “Premyer Liqanın tapıntıları” layihəsi çərçivəsində bu mövsüm üzə çıxan gəncləri sizə daha yaxından təqdim edirik. Bu dəfəki qəhrəmanımız AZAL-ın istedadlı oyunçusu Seymur Əsədovdur.

 

1994-cü il təvvəllüdlü Seymur Əsədov futbola 8 yaşında gəlib. İlk komandası “Real Bakı” olub, futbolun ilk sirlərinə də həmin komandanı çalışdıran Ramiz müəllimin yanında yiyələnib. 4 ildən sonra Seymur bu komandadan ayrılmalı olur. Lakin Ramiz müəllimlə işbirliyi davam edir. Əsədov 2006-cı ildə həmin məşqçinin rəhbərliyi altında “Avanqard” klubunda çıxış etməyə başlayır. Həmin komandanın heyətində iki mövsüm “Sabahın Ulduzlar”ında çıxış edən Əsədov 2008-ci ildə Ukraynaya yollanır.

 

Lakin Seymur Əsədovun Ukrayna karyerası uzun sürmür. Kiyev ətrafını təmsil eləyən “Zenit” klubunda cəmi 6 ay oynayan qəhrəmanımız vətənə geri qayıdır. O, buraya gələndən sonra “Bakı” klubuna yollanır və düz bir il paytaxt klubunun U-17 komandasında çıxış eləyir. Lakin mövsüm başa çatandan sonra Seymur “Bakı”ya lazım olmur, onu əvəzedici heyətə götürmürlər.

 

Seymur Əsədov həmin dönəmi belə xatırlayır: “Bakı”dan ayrılandan sonra bir müddət  futbolsuz qaldım və formada qalmaq üçün həvəskarlarla oynadım. Bu minvalla 6 ay keçdi və qış fasiləsində “Qəbələ”yə yollandım. Orada məni əvəzedici heyətdən əsas komandaya cəlb elədilər və mövsümün sonunda “Neftçi” ilə Bakıdakı oyunda debüt elədim. Növbəti mövsümün qış toplanışını da “Qəbələ”nin əsas heyəti ilə keçirdim, yoxlama matçlarında iştirak etdim. Toplanışdan qayıtdıqdan sonra məni yenidən əvəzedici komandaya göndərdilər. Elə oldu ki, həmin vaxt əvəzedici heyətdə məşçqi dəyişikliyi oldu. Deril Uillardın əvəzinə ispan mütəxəssis gəldi. Əsas komandadan geri qaytarıldığım üçün bir qədər həvəsdən düşmüşdüm, bu da məşqlərimə təsir eləyirdi. Bunu görən yeni məşqçi də mənə güvənmirdi, meydana az-az buraxırdı. Gördüm ki, burada alınmır. Ona görə də, hər kəslə halallaşıb, “Qəbələ”dən ayrıldım”.

 

Bir vaxtlar Seymur Əsədovu “Qəbələ”yə götürən Deril Uillard həmin ərəfədə AZAL-da işə başlayır və keçmiş tələbəsini də bura dəvət eləyir. Əsədov bu dəvəti məmnuniyyətlə qəbul eləyir və AZAL-ın əvəzedici komandasında oynamağa başlayır. Məhz AZAL-a keçidi onun karyerasında xüsusi rol oynayır. Nəhayət, Seymurun istedadına güvənən insan tapılır. Komandanın baş məşqçisi Mehman Babayev Seymur Əsədovun istedadını lazımınca qiymətləndirir, ona kapitan sarğısını verir. Mehman müəllimdən hər cür dəstək görən Seymur Əsədov çox kemir ki, AZAL-ın əsas komandasının baş məşqçisi Tərlan Əhmədovun da diqqətini cəlb edir. Əsas komandaya dəvət alan gənc istedad bu fürsətdən maksimum yararlanır və qısa zamanda adından söz etdirməyi bacarır.

 

Oyun qurucusu kimi bacarığını nümayiş etdirən Seymur Əsədovu bu mövsüm Premyer Liqanın əsas tapıntılarından hesab etmək olar. O, bu gün Premyer Liqanın ən yaxşı futbolçularından biridir. U-21 millisinə dəvət alan futbolçunu artıq Robert Prosineçki də gözaltı edib. Bu oyunla Əsədovun çox keçmədən əsas millimizdə çıxış edəcəyini ehtimal etmək çətin deyil.

 

“Premyer Liqanın tapıntıları” layihəsinin ikinci adamı Seymur Əsədov haqqında bu qədər. Mövsümün sonuna qədər çempionatımızda seçilən digər gənclər barədə də yazılar olacaq. Bizi izləyin!

Tarix: 29 Aprel [17:45]
Oxunub: 1578 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2017
22  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio