Nicat Qurbanov: "2-ci yeri tutmaq üçün əlimizdən gələni edirik"

00:02 - 11 Aprel 2016

"Hər oyunda qələbə qazanmağa çalışırıq"
 
"Komandanın qarşısına məqsəd qoyulub. Hər oyunda qələbə qazanmağa çalışırıq. Ya gümüş, ya da bürünc medal qazanmalıyıq. Əsas odur ki, medalçılar sırasında olaq. "Zirə” yeni komandadır, Premyer Liqada ilk dəfədir ki, çıxış edirik. Ən azı, 2-ci yeri tutmaq üçün əlimizdən gələni edirik".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Zirə”nin futbolçusu Nicat Qurbanov deyib.
 
Nicat Qurbanov əsas heyətə düşmək üçün çalışacağını bildirib:
 
”Rəvan”la oyunumuz yaxşı alındı. Hesaba baxanda da bunu görürük. Amma "Rəvan” son turda "Neftçi”ni məğlub etmişdi. Meydana sonradan çıxmağımla bağlı heç bir narazılığım yoxdur. Qərar məşqçilər heyətinindir. Yenə də sağ olsunlar ki, mənə şans verirlər. Kim bilir, bəlkə də zəif cəhətlərim var. Bunun üzərində çalışaraq əsas heyətə düşməyə çalışacağam”.
 
24 yaşlı futbolçu gələcək kareyasından da danışıb:
 
"Hazırda təklif var. Rəhbərliklə danışacam və bir qərara gələcəyik. İnşallah, mövsümün sonunda ən azı medalçılar sırasında olacağıq. Buna görə də deyərdim ki, mövsüm həm mənim üçün, həm də komandam üçün uğurlu olub”.

Xəbər xətti