Ramin Musayev: "AZAL Arena"ya qadağa qoyula bilər"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- "Qəbələ" və "Qarabağ" klubları süni örtüklə bağlı problemin Klublar Komitəsinin iclasında müzakirəyə çıxarılmasını istəyir. Bunu nə dərəcədə doğru sayırsınız?

- Onları başa düşürəm, lakin AZAL klubunun da vəziyyəti hər kəsə bəllidir. Biz bu komandaya dəstək olmaq əvəzinə problem yaratsaq, onlar Premyer Liqada çıxışdan imtina da edə bilərlər. Digər tərəfdən, elə bir maddi vəsaitimiz yoxdur ki, onların yerinə stadionun qazonunu təmir edək, dəyişək. "AZAL Arena" yayda tərəfimizdən qəbul olunan zaman hazırkı vəziyyətdə deyildi. Artıq cari mövsümün başa çatmasına bir şey qalmayıb. Növbəti çempionata qədər bu məsələ ya həll olunmalıdır, ya da da həmin stadionda oyunların keçirilməsinə qadağa qoyulmalıdır.

 

- Növbəti mövsümlərdə PFL klublar qarşısında süni örtüklərin təbii qazonla əvəzlənməsinə dair tələb qoya bilərmi?

- Süni örtüklü meydanların əleyhinə olanlardan biri də mənəm. Çünki zədələrin 70 faizi belə örtüklərdə alınır. Həmçinin, bu cür meydanlar futbolçularda gənc yaşlarından xroniki zədələrə yol açır. Problemi dəfələrlə müzakirə etmişik. Ancaq bu gün qətiyyətlə tələb etsək, klubları çətin vəziyyətə qoymuş olarıq. Məsələn, "Sumqayıt" klubunun ev oyunlarını keçirdiyi arenada süni örtük keyfiyyətli olsa da, çalışacağıq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu təmir olunsun və komanda təbii ot örtüyündə oynasın. Ancaq bunların hamısı vəsait tələb edir.

 

- Beynəlxalq oyunlar keçirməkdən ötrü süni örtüklü stadionlar hər il sertifikat almalıdır. Amma nədənsə, Azərbaycan Premyer Liqası üçün belə tələb yoxdur...

- Bizim tələblərimiz hər zaman ciddi olub. Bayaq da dedim, yayda stadionları qəbul edən zaman onlar bu vəziyyətdə deyildi. Komandaların və stadionların sayını artırmalıyıq. Lakin hər şeyi AFFA və PFL həll etmir. Klubların özlərində də istək olmalıdır. Yayda AZAL-ın stadionundakı problemlər yoluna qoyulmasa, arena qəbul olunmayacaq.

 

- Əsasnamədə qeyd olunub ki, turnir cədvəlində sonuncu pilləni tutan komanda Premyer Liqanı tərk edir. I diviziondan isə ilk üç yerin sahibi elitaya vəsiqə qazanır. Necə düşünürsünüz, AZAL kimi stadionu, bazası olan bir klubu yüksək dəstədə saxlamaq daha yaxşı olmaz?

- Mən də istəyirəm ki, gələn mövsüm 10 yox, 12 komanda olsun. Ancaq əvvəlcədən danışmaq mümkünsüzdür. Çünki yaya qədər çox komanda Premyer Liqaya çıxmaq üçün canfəşanlıq edir. Gəl ki, yayda klub rəhbəri bizə telefon açır, elitada yarışmaq üçün maddi durumunun yetərli olmadığını söyləyir. Zorla həmin komandanı gətirə bilmərik ki...

 

- Bizdə olan məlumata görə, I divizion təmsilçilərindən "Zaqatala", MOİK, "Şəmkir" və "Səbail" Premeyer Liqada iştirak üçün Lisenziylaşdırma qrupuna müraciət edib...

- Düz qeyd etdiniz, amma "Turan Tovuz" və "Ağsu"nun adını çəkmədiniz. Onlar da hazırda üst pillələrdə qərarlaşıblar. Yayda ilk növbədə, sənədlərin qaydada olmasına və klubun maddi durumuna baxacağıq. Klubun sənədləri düzdürsə, lakin maddi durumu mövsümü başa vurmağa imkan vermirsə, ona icazə verməyəcəyik. Yəni, pulu olmayan klubu Premyer Liqaya buraxa bilmərik.

 

- Yayda "Xəzər Lənkəran" və ya "Bakı" "dirilərsə", bu klubların Premyer Liqaya müsabiqədənkənar buraxılması mümkündür?

- Yazılı şəkildə bizə müraciət etsələr və onların maddi durumu buna imkan versə, mən İcraiyyə Komitəsindən xahiş etməyə hazıram ki, onları Premyer Liqaya buraxsınlar.

 

- Həftəsonu I divizionda II dövrəyə start veriləcək. Yeni limit qüvvəyə minəcək?

- Bəli, yeni limit 2+4+5 (2 legioner +4 Azərbaycan vətəndaşı + 5 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) sisteminə uyğundur. Oyunlar zamanı 3 əvəzetməyə icazə veriləcək. 

 

- Son günlər əsas müzakirə mövzusu yenə hakimlərdir. Bu, hakimlərin yol verdikləri səhvlərdən irəli gəlir, yoxsa klublar "günah keçisi" axtarırlar?

- Burada ayrı-ayrılıqda hakimi və ya klubu günahlandırmaq olmaz. Hər ikisində günah var. AFFA rəhbərliyi hər il 2 dəfə hakimləri xarici ölkələrə təlim-məşq toplanışına göndərir. Bu da onu göstərir ki, hakimlərə böyük diqqət var. Onlar isə öz növbəsində cavabdehlik daşıyırlar. Hakimlərimiz öz üzərlərində yetərincə çalışır, qüsurları aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Elə bir ölkə varmı ki, orada hakimlər səhvə yol verməsin? Təriflədiyiniz Cüneyt Çakır Türkiyə çempionatında qapıçı cərimə meydançasında əllə oynadığı üçün 11 metrlik cərimə zərbəsi təyin etdi... Biz çalışırıq ki, qərəzli hakimlik olmasın. Bax, bu il Türkiyə toplanışında hakimlərimiz 60-a yaxın oyun idarə etdilər. Heç bir şikayət olmadı. Niyə? Çünki onlara heç bir təzyiq göstərilmədi. Amma bizdə təyinatlar açıqlanan kimi, bəzi klubların sifarişi ilə saytlarda hakimlərin əleyhinə yazılar gedir. Bəzi klublardan çıxışlar edirlər ki, bəs, biz bilirik, bu hakim bizə filan şeyə görə verilib, daha nələr. Tam əminliklə söyləyirəm: Rövnəq Abdullayev AFFA prezidenti təyin olunandan bəri heç bir hakimə qeyri-qanunu tapşırıq verilməyib, verilməyəcək də. Bizim üçün bütün klublar eynidir. Çempionatımız haqq-ədalətlə keçir və ona görə də komandalarımız avrokuboklarda uğurla çıxış edə bilirlər.

 

- "Qəbələ" və "Qarabağ"ın çempion olmaq üçün hakimlərin köməyinə ehtiyacı var? Nəzərə alaq ki, hakimliklə bağlı son qalmaqallı qərarlar məhz bu komandaların lehinə olub...

- Yəqin ki, Qəbələdə "Neftçi"nin qapısına vurulan qoldan danışırsınız. Həmin epizodda referinin günahı yoxdur. Yan xətt hakimi səhvə yol verir. Lakin onun durduğu mövqeyə baxın: Eyni xətdə xeyli sayda futbolçu var. Həmin yerdən topun hansı komandanın oyunçusuna dəydiyini görmək çətindir. Hakimə bəraət qazandırmaq üçün demirəm. Çalışıb, görməli idi. Ancaq hakim də insandır. Onun səhvə yol vermək ehtimalı 70-80 faizdir. (Report.az)

Tarix: 8 Fevral [10:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2017
23  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio