Fransa klubundan Ben Arfa və Balotelli açıqlaması

12:46 - 11 Aprel 2017

Bu mövsüm Fransa I Liqasında çempionluq uğrunda mübarizədə “Monako” və PSJ ilə yanaşı mübarizə aparan “Nitsa” klubunun prezidenti Yan Pyer River açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi adı komanda ilə hallanan sabiq “Nitsa”nın futbolçusu Hatem Ben Arfanın mümkün transferi barəsində danışıb. Fransa mətbuatına danışan Yan Pyer River Ben Arfanın “Nitsa”ya geri dönməsinə istədiklərini bildirib:

 

“Ben Arfanı həm futbolçu, həm də bir insan kimi çox istəyirəm. Lakin onun “Nitsa”ya geri dönməsi mövzusunu PSJ-dən soruşmaq lazımdır. Əlbəttə, Ben Arfa bizim istədiyimiz və bəyəndiyimiz futbolçudu. Geri dönməsinə yalnız sevinərik”.

 

“Nitsa” cəbhəsindən mövsümün əvvəlində “Liverpul”dan heyətə cəlb edilən Mario Balotelli haqda da açıqlama verilib. Yan Pyer River I Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayan Balotellinin performansı  və gələcəyi haqda danışıb:

 

“Belə planlaşdırmışdım ki, Balotelli bu mövsüm 10 qol vuracaq. Amma o, 10 qol baryerini aşaraq 13 dəfə fərqlənib. Əlbəttə, onu komandada saxlamaq istəyirik. Marionun komandamızda qalması bizi çox xoşbəxt edəcək”.

 

Qeyd edək ki, “Nitsa” Fransa I Liqasında 32 oyundan sonra 70 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Monako” 1-ci (31 oyun, 74 xal), PSJ isə 2-cidi (31 oyun, 71 xal).

Xəbər xətti