"Kəpəz" Premyer Liqanın ən zəif bəndinə çevrilir QEYD

16:46 - 1 İyun 2017

“Kəpəz” ətrafında baş verənlər yerli azarkeşləri məyus eləyir. Gəncə futbolu yenə “xəstələnib”. Əslində xəstəlik də bəllidir, çarəsi də. AFFA kluba ayrılan vəsaiti azaldıb, İcra Hakimiyyəti həmişəki kimi yaxın durmaq istəmir “Kəpəz”ə. Klubun de-fakto rəhbəri Mikayıl Nərimanoğlu və baş məşqçi Şahin Diniyev bunu açıq etiraf eləyə bilmirlər, amma reallıq bundan ibarətdir.

 

Nərimanoğlu Müşahidə Şurasına üzv gətiriləndə, bu, futbol ictimaiyyətində birmənalı qarşılanmamışdı. Ancaq yaranmış duruma baxanda görürsən ki, bu adam olmasaydı, “Kəpəz”ə ümumiyyətlə sahib çıxan tapılmayacaqdı. Problem ondadır ki, klubun yükünü çiyinlərində daşıyan Mikayıl bəyin də səlahiyyət imkanları bir sərhəd çərçivəsindədir. Düzdü, Nərimanoğlu dəfələrlə xarakter göstərərək maaşların vaxtlı-vaxtında ödənilməsinə, bir çox cari porblemlərin həllinə nail olub. Ancaq bu dəfə vəziyyət əvvəlkilərdən daha qəlizdi.

 

“Kəpəz” yeni mövsümə zəifləmiş heyətlə başlamalıdır. Dario Federiko, Serjinyo, Tural Axundov, Vüqar Bəybalayev, Tural Qürbətov, Nicat Qurbanov, Julian Ebah, Tural Nərimanov, Orxan Əliyev və Tadas Simaitis rəsmən “Kəpəz”i tərk edib. Yeni gələnlər isə gedənlərin yerini dolduracaq səviyyədə deyillər. Şahin Diniyev “Kəpəz”i növbəti mövsümə yaxşı hazırlayacağını desə də, bir tək əzmkarlıq və istəklə alınan iş deyil bu, ustalıq səviyyəsi də olmalıdı futbolçularda.

 

Belə görünür ki, “Kəpəz”i qarşıda çox çətin mövsüm gözləyir. “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə”nin gücü bəllidir. “Neftçi” də ciddi hazırlaşır yeni mövsümə. Son mövsümü pis keçirməyən “Sumqayıt” təcrübəli futbolçuları dəvət etməklə yaxşı kollektiv yığıb. “Səbail” də qapazaltı olmaq fikrində deyil. Deyəsən, bu gedişlə ən zəif bənd elə “Kəpəz” olacaq...

 

SPORTAL.AZ

Xəbər xətti