Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm" MÜSAHİBƏ

22:31 - 11 Dekabr 2017

"Sumqayıt" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi  matçla bağlı danışıb:
 
- Çempionat oyununda da “Qarabağ”a ilk hissədə qalib gəlmişdik və oyun nəticəsinə görə uduzmuşduq. İstəyirikdik ki, qalib gələk. Amma bu nəticəni də pis hesab etmirəm. Doğma divarlar arasında mübarizə aparacağıq. Səhvlərimizi analiz edəcəyik.
 
- İkinci hissədə hücuma çıxa bilmirdiniz...
- Rəqibin təzyiqi artanda belə olur. Biz istəmədən olur. “Qarabağ” məğlub durumda olduğu üçün irəli atılmışdı.
 
- Fərhad Vəliyevin qırmızı vərəqə alaraq meydandan qovulduğu epizoda daha yaxın idin. Bu qərara kapitan kimi münasibətin necədir?
- Baş hakim Ramil Diniyev epizodu düzgün dəyərləndirdi. Orada Fərhad qaydalara çərçivəsində hərəkət etmədi. Qırmızı vərəqə var idi.
 
- Cavab matçında Mehdi Cənətovun ümidinə qaldınız. Fərhadsız necə olacaq?
- Təbii ki, Fərhad aparıcı və əsas heyət üzvümüzdür. Amma Mehdi də yaxşı qolkiperdir.İnanıram ki, onu əvəz edə bilər.
 
- Cavab matçı üçün ümidlisiniz?
- Ümid həmişə var. Çalışacağıq ki, bu ümiddən yararlana bilək.

Xəbər xətti