Rəşad Sadıqov: "Bu yolu davam etdirməyin şərtlərindən biri klubda daim oynamaqdır" MÜSAHİBƏ

00:29 - 27 Yanvar 2018

Azərbaycan U-21 millisisinin baş məşqçisi Rəşad Sadıqov Antalyada təlim-məşq toplanışı çərçivəsində Albaniyaya 1:0 hesabı ilə qalib gəldikləri bugünkü yoxlama oyunundan sonra müsahibə verib.

 

Sportal.az xəbər verir ki, o,  matçla yanaşı, təlim-məşq toplanışını da dəyərləndirib.

 

- Oyun haqqında fikirləriniz...

- Son matçımız idi. Məncə, uşaqlar getdikcə daha yaxşı oynadılar. Komandanın oyunundan razı qaldım. Nəticə barədə danışmaq istəmirəm. Çünki bu, əsas deyil.

 

- Bu matç digərlərindən nə ilə fərqləndi?

- Birinci hissədən sonra futbolçulara bir qədər tənqidlərim oldu. İkinci hissədə daha inamlı oynadılar. İlk hissədə isə sanki bir az çəkinirdilər. Sonradan görmək istədiyim kombinasiyalı oyunu göstərməyə başladılar.

 

- Rəqib çox aqressiv görünürdü. Bu, nə ilə əlaqədar ola bilər?

- Onların oyun üslubu belədir. Albaniya aqressivlik hesabına Avropa çempionatına vəsiqə qazanmışdı. Bu komandanın əsas özəlliyi budur.

 

- İlk hissədəki zəif oyunu albanlara qarşı birinci görüşdəki məğlubiyyətlə əlaqələndirmək olar?

- Belə düşünmürəm. Rəqib çox pressinq edirdi. Belə komandalara qarşı birinci hissə həmişə çətin olur. Həm də əvvəldə top itkilərimiz çox idi. Bu da inamsızlıq yaratdı. Fasilədəki söhbətimizdən sonra komanda çəkinməməyə başladı. Bu da məni çox sevindirdi.

 

- Heyətdə seçilən futbolçuların klublarında oynaması ilə bağlı onların məşqçiləriylə söhbət etməyi düşünmürsünüz? Məsələn, Hacıağa Hacılı özünü yaxşı tərəfdən göstərdi, amma "Qəbələ"də oynaması real deyil...

- Toplanışdan əvvəl də danışmışam. Elə məşqçilər var ki, münasibətimiz çox yaxşıdır. Danışırıq, müzakirə edirik. Ancaq bəziləriylə münasibət o qədər çox deyil, arada yaş məsələsi də var. Məsələn, etik olaraq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka nəsə deməyim düzgün çıxmaz. O da yəqin ki, görür. Əgər Hacıağa məşqlərdə özünü bu oyunlardakı kimi göstərə bilsə, inanıram ki, şans qazanacaq. Təkcə o deyil. Mən bütün uşaqlardan razıyam. Hər biri klubunda möhkəmlənməlidir. Məşqdə özlərini məşqçinin gözünə “soxmalıdılar” ki, şans qazansınlar. Bu yolu davam etdirməyin şərtlərindən biri klubda daim oynamaqdır.

 

- Qurban Qurbanov ilk dəfə millinin heyətini açıqladı. Çağırılanların arasında öz davamçınız olaraq kimi görürsünüz?

- Millidəki mərkəz müdafiəçilərinin hər birinin yaxşı potensialı var.  Özlərinə inansalar və klublarında möhkəmlənsələr, yaxşı futbolçu ola bilərlər. Hər biri bu yolu davam etdirmək gücündədir.

 

- İlk dəfə həm məşqçi, həm də futbolçu kimi toplanışda oldunuz. Özünüzü necə hiss etdiniz?

- Çox çətin idi. “Qarabağ”da da belə olurdu: həm məşq keçirdim, həm oynayırdım. Amma toplanış tam fərqlidir. Xüsusilə də U-21 komandası. Çünki burda daha məsuliyyətli olmalısan. Çalışırdım ki, bütün məşqlərdə iştirak edə bilim. Planı buna uyğun qururdum. Düşünürəm ki, çətin də olsa, bu işin öhdəsindən gələ bildik.

 

- Sabahdan “Qarabağ”da baş məşqçi əvəzi olacaqsınız...

- Məşqçi əvəzi deyəndə ki, komandada təcrübəli oyunçular çoxdur. Onlardan biri də mənəm. Bu gün əgər məşqçimiz yoxdursa, bütün futbolçular həmin məsuliyyəti dərk edəcəklər. Biz də bir böyük kimi onların yanında olacağıq.

 

- Belə enerji paylanması sizi yormayacaq ki?

- Bu sualı Qurban müəllimə verin (gülür). (Futbolpress.az)

Xəbər xətti