İllər öncə tükənən ümidlər - Bərdədə uşaq futbolu LAYİHƏ

Bir qədər stajlı azarkeşlər Azərbaycanda Bərdə futbolunun özünəməxsus yeri olduğunu bilir və bu bölgənin təmsilçilərinin oyunlarını yaxşı xatırlayar. Düzdü, Bərdə klubları, xüsusən də yüksək dəstədə oynayanlar daim iddialı olmayıb. Belə desək Premyer Liqada ən yaxşı göstəriciyə malik bərdə klubu “Pambıqçı” olub. 1993-də A qrupunda 5-ci yeri tutub. Kubokda ən yaxşı nəticələri isə 1/8 finala qədər yüksəlmək olub. Bütün bunlara baxmayaraq rəqibləri hesablaşmağa məcbur etməyi bacarıblar. Bölgənin peşəkar futboldakı son təmsilçisi isə “ABN-Bərdə” olub. Vaxtilə yüksək dəstədə oynayan komanda birinci diviziona düşəndən sonra sonuncu dəfə orada 2009/2010 mövsümündə fəaliyyət göstərib. Yəni belə desək bir neçə il əvvəl Bərdədə futbola həvəsi olan uşaqların ümid yeri var idi. Onlar yetişib bölgənin əsas komandasında oynamağı ordan da peşəkar futbolçu kimi formalaşmağı arzulayırdılar. Ancaq təəssüf ki, bu ümidlər puç oldu. Düzdü, 2016-cı ildən etibarən Bakıda yenidən Bərdəni təmsil edən komanda yaradılıb. Lakin onlar birinci divizionda deyil, Həvəskarlar Liqasında mübarizə aparırlar. Təbii ki, bu səviyyədə futbol uşaqların inkişafına böyük təkan verə bilməz. Yəni belə desək heç bir böyük məqsədləri olmayan komanda var və həvəskarlar liqasında baş qatırlar. Əlbəttə, böyük məqsəd üçün ciddi maliyyə də lazımdı. Təəssüf ki, ölkə futbolunda xoşagəlməz görüntü yaranmasına səbəb olan maliyyə sıxıntısı bir çox bölgələr kimi Bərdədən də yan keçməyib...

 

Çıxış yolu axtarırlar

 

 

Bütün bunlara rəğmən Bərdədə uşaq futbolunun yüksəldilməsi üçün proseslər aparılır. Hər bölgədə olduğu kimi burda da UGİM fəaliyyət göstərir. Futbol qrupları mövcuddu və onlar AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edirlər. Üstəlik nəticələr də pis deyil. Hər halda bölgədə futbol ənənəsi var və təcrübəli məşqçilər çalışır. Belə olan halda komandaların aşağı liqalarda fərqlənməsi, boy göstərməsi heç də təəccüblü deyil. İstənilən halda bölgədə peşəkar komandanın olmaması uşaq futboluna da mənfi təsirlərini göstərməkdədi. Onun inkişafını ləngidən əsas amillərdən sayılır. Belədə bölgədə futbola marağın azalmasına da gətirib çıxarır. Amma uşaqların az da olsa ümid yeri mövcuddu. Məşqçilər uşaqları, daha doğrusu seçdikləri istedadları başqa klublara təhvil verir. Yəni futbolla maraqlanan həvəsi olan uşaqlara, o cümlədən övladlarını gələcəkdə peşəkar futbolçu kimi görmək istəyən validenlərə də məhz bunları aşılamaqla marağı artırmağa çalışırlar. Hər il bir neçə istedadlı uşağı müxtəlif klublara göndərən məşqçilər müəyyən mənada qarşıya qoyulan məqsədə nail olublar. Qısası Azərbaycanın bir çox klublarında Bərdə futbolunun yetirmələrinə rast gəlmək mümkündü. Hər halda bunu söhbətləşdiyimiz insanlar da bizə bildirdilər. Aşağıda sizi onların fikirləri ilə daha yaxından tanış edəcəyik.

 

 

“Bizdə fasilə yoxdu”

 

Vaqif Süleymanov Bərdə futbolunun təcrübəli məşqçilərindən sayılır. Vaxtilə “ABN”də (komanda sonradan “ABN-Bərdə” adlandırılıb) də çalışmış mütəxəssis hazırda UGİM-də azyaşlı uşaqlarla işləyir. Gələcək üçün perspektivli futbolçular yetişdirməyə çalışır. Bu yolla Bərdə futboluna xidmətlərini göstərməyə çalışan Vaqif bəylə söhbətləşdik. UGİM-in, uşaq futbolunun durumu ilə bağlı müzakirələr apardıq: “2003-2008 təvəllüdlü uşaqlarla çalışırıq. AFFA-nın liqalarında da iştirak edirik. 2004 təvəllüdlülərimiz final mərhələsinə çıxıb. 2007/08 təvəllüdlülər isə son anda 5 dəqiqəyə 3 qol buraxaraq final mərhələsinə vəsiqə qazana bilməyib. Vəziyyət belədi. Perspektivli uşaqlarımız çox, komandanın da durumu yaxşıdı. İdmandı da, heç kim nə edəcəyinə təminat verə bilməz. Uşaq futboludu, kim irəli düşsə qazanır. Məsələn, qapı hündür olur, buna heç nə deyə bilmərik. Körpədi, hündürdən gələn topa əl atsa və təhlükəni zərərsizləşdirə bilməsə nə onda günah   görərik nə başqasında”.

 

Süleymanov komandanın il ərzindəki hazırlıqları və onların gedişatı ilə bağlı sualımıza belə cavab verdi: “Hazırlıqlarımız əladı. Uşaqlarımız normal məşğul olurlar. Final mərhələsindən bizi 1 xal ayırdı. 2007/08 təvəllüdlülərin yarşında son turda finala yüksələ bilməməyimiz və 1 xal fərqi ilə 3-cü yerdə qaldığımız məlum oldu. Halbuki son turlarda 2 heç-heçə etsəydilər onlar da yüksələcəkdilər. Son turlarda “Mingəçevir təmsilçisinə uduzdular və 32 xalla 3-cü yerdə qaldılar. Hazırlıq ilboyu davam edir.  Bizdə fasilə yoxdu. Məktəblər bağlansa, tətil olsa da fəaliyyətimizi davam etdiririk. Uşaqlara aşılamışam ki, bu il final mərhələsinə gedə bilmədik, amma səhvlərimizi növbəti illərdə təkrarlamayaq”.

 

“Köhnə formaları təmizlədib, uşaqlara geyindiririk, onlar da elə bilirlər ki, təzədi”

 

 

Əlbəttə, uşaq yetişdirmək üçün vacib amillərdən biri də normal meydançaların olmasıdı. Xüsusən də təbii örtüklü meydançalar lazımdı. Bərdənin də şəhər stadionu var və onun meydançasından yararlanırlar. Vaqif bəy şəraitdən danışarkən bunları qeyd etdi: “Məşq etmək üçün hər cür şəraitimiz var. Rayonun mərkəzi stadionu bizim ixtiyarımızdadı. Həftənin hər günü orda intensiv məşqləri davam etdiririk. Final mərhələsinə çıxmasaq da ruhdan düşməmişik. Keçən il çıxmışdıq, bu il alınmadı. Meydançamızın durumu qənaətbəxşdi. Heç bir problemimiz yoxdu. Hər şey öz əlimizdədi. Nə lazımdı, hamısını qaydasına qoya bilirik. İşimizə maneə yaradan yoxdu. Bundan başqa qaçqınlar şəhərciyində də stadionumuz var və bəzi qruplarımız məşqlərini orda keçirlər. UGİM “Topqapı” və UGİM Bərdə var hamısı da məşqlərini normal şəkildə davam etdirirlər”.
Meydança baxımından problem olımasa da UGİM-də inventar və geyim dəstləri sarıdan sıxıntılar var. Məlum  olduğu kimi 1-2 il öncə AFFA UGİM-lərdə futbol bölmələrinə top və ləvazimatlarla yanaşı geyim dəstləri də göndərirdi. Amma sonradan qurum bu yardımı dayandırdı və bəzi rayonlar üçün heç də yaxşı olmadı. Yəni imkanı olanlar özlərini birtəhər vəziyyətdən çıxarsalar da, digərləri hələ də sıxıntı yaşamaqdadı. Bərdəlilər də çətinlik çəkənlər arasındadı. Hansı ki, onlar hələ də iki il əvvəl verilən formalardan istifadə edirlər. Bəs onları necə qoruya bilirlər?: “İki ildi AFFA bizə nə inventar, geyim dəstləri, nə də top verir. Özümüzdə olanlardan istifadə edirik. Kasıbçılıqdı, iki il əvvəl aldığımız inventar və geyim dəstlərindən qənaətlə istifadə edirik. Loru dildə deyim ki, dədəmiz, nənəmiz daha bizə kömək etmir, ayrılmışıq və müstəqil ailəmiz var (gülür). 20 topumuz var, 15 dənəsini istifadə edib, qalanın da yaman günlərimiz üçün saxlamışıq. Geyimlər köhnəlsə də, yuduzdurub, tər-təmiz edib, ütülətdiririk. Elə edirik ki, təzə kimi görünür (gülür). 5 komandamız var, hamısı eyni formaları geyir. Təmizlətdirib, ütülətdirib uşaqlara geyindiririk, onlar da elə bilir ki, təzə almışıq. Ümidimiz var ki, bəlkə növbəti ildən AFFA bizə kömək edə. O cümlədən futbolçu verdiyimiz klublardan kömək umsaq da bu günə qədər heç nə görməmişik”.

 

“Zəng vurub soruşursan, deyir “ay müəllim qadan alım, hava soyuqdu, növbəti məşqə gələr”

 

 

İllər öncə Bərdədə peşəkar komanda fəaliyət göstərirdi. Ən azı orda yetişən uşaqların ümid yeri vardı. Ancaq hazırda belə bir komandanın olmamasının bölgəyə mənfi təsir etdiyini, marağın müəyyən mənada azaldığını Süleymanov da təsdiqlədi: “Peşəkar futbolun olmamasının, regionda yerli futbolçulara böyük təsiri var. Özümüzdən götürürəm, 5 komandamız AFFA-nın liqalarında çıxış edir. Yüksək dəstədə və ya birinci divizionda komandamız olsa, arxadan gələn, yetişən gənclərin ümid yeri olar. Düşünərlər ki, “komandamız var və gedib orda oynayım”. Daha çox axın olar. Olmamasının həm uşaqlar həm də valideynlər sarıdan təsiri var. Amma Bərdədə ömür boyu olduğu kimi bu gün də maraq var. 5 yaş qrupumuz var və orda 115 nəfər futbolla məşğul olur. Axının səbəbi odu ki, uşaqlara Qəbələyə, Gəncəyə gedə biləcəklərini aşılayırıq. Bu məktəblərin hamısında uşaqlarımız var. UGİM-in təxminən 22-23 futbolçusu həmin klublarda futbolla məşğuldu. valideynlər özləri uşaqları gətirib futbola yazdırırlar və maraqlanırlar. Gələcəklərini burda qurmalarını istəyirlər. Burda orta məktəblərdə dərsə deyil, idmana maraq çoxdu. Valideynlər övladlarını futbolçu kimi görmək istəyirlər. Biz də idman adamları kimi baxırıq, istedadlıları seçirik. Allah hamının balasını saxlasın. Burda əksəriyyətin bir övladı var deyə, yanlarında saxlayırlar. Belə deyim, “getmə gözümdən, gedərəm özümdən” məsələsi var. Əvvəl, sovet dönəmində qapını açırdın 6-7 uşaq çıxırdı. İndi görünür vəziyyətlə bağlı olduğu üçün hərənin bir uşağı var. hava soyuq olan kimi, uşaqları məşqə buraxmırlar. Zəng vurub soruşursan, deyir “ay müəllim qadan alım, hava soyuqdu, növbəti məşqə gələr”. Uşaq yığmaq baxımından problemimiz yoxdu. Amma hava soyuq olanda hamı öz uşağını əziz bildiyi üçün problemlər yaranır. Zalımız da yoxdu ki, qışda uşaqlarla işləyək və məşqlər müntəzəm davam etsin. Əslində zalımız var idi, dağıtdılar, biz də qaldıq belə. Aran zonasıdı, bu qış elə də soyuq olmadığı üçün məşqlərimiz müntəzəm davam etdi. indi də normaldı”.
Çətinliklərə baxmayaraq hər il Bərdədən xeyli sayda uşaq digər klublara gedir. Yəni onların bu rayondakı futbola və yetişən uşaqlara marağı görünür. Hər halda Vaqif bəy bizə belə söylədi: “Məsələn Qəbələdə 2004/05 və 2008/09 təvəllüdlü komandalarda bir neçə, “Vətən”də 3, Gəncə futbol məktəbində 10 nəfər uşağımız var, bu il qəbul ediblər. Sonradan məlumat almışıq ki, Gəncə bizdən götürdüyü uşaqları “Vətən”ə verəcək. Biz də istərdik ki, şəxsən uşaqları “Vətən”ə verək və bu iş birbaşa olsun. Ordan da yoldaşlar gəlmişdi, qəbul edirdilər. Ümumiyyətlə o klublarda təxminən 22 nəfərə yaxın oynayan uşaqlarımız var. “Qəbələ”nin futbol akademiyasına qəbul bir qədər çətindi. Çünki ora ölkənin bütün rayonlarından uşaq gəlir. “Keşlə”nin əsas və əvəzedicilərində, “Qəbələ”nin ikinci komandasında oynayan futbolçularımız var. Nəticələrimiz də normaldı. Dediklərimizin heç biri şişirdilmiş rəqəmlər deyil. Yolunuz buralara düşsə özünüz də görə bilərsiz”.

 

 

“Belə gəlmişik, belə də gedirik”

 

 

Maraqlıdı hazırda Bərdə adından həvəskarlar liqasında oynayan komanda ilə UGİM-in hər hansı əlaqələri varmı?: “Komandanı yaradan bilmirəm kimdi, amma Bakıda yaşayır. Komanda təşkil edib həvəskarlar liqasında oynayırlar. Hər hansı əlaqələrimiz yoxdu. O qardaş kimdisə, Allah canını sağ eləsin, ömrü uzun olsun. Nəsə etmək istəyirlər, Bərdənin adından çıxış edirlər. Şəxsən Bərdə futbol məktəbində olmuşam. “Pambıqçı”da işləmişəm, komandanın rəisi olmuşam. Daha sonra “ABN”in baş məşçqisi kimi çalışmışam, yüksək liqaya çıxıblar. Bu gün həmin komanda yoxdu. Hansı ki, uşaq futbolunun inkişafına yaxşı təsir göstərirdi. Uşaqlar böyüyəndə bu komandada oynamağı arzulayırdılar. Bu gün isə yalnız digər klublara gedə biləcəklərini, onlarla gələcəkdə fəxr edəcəyimizi aşılayırıq. Uşaqdı də, həvəsləndiririk ki, gələcəkləri yaxşı olsun”.

 

Yeri gəlmişkən Süleymanovun da karyerasına qısaca toxunduq: “Bizimlə çalışan məşqçi var, o “C” kateqoriyasına malikdi. 8 yaşından mənim yanıma gəlib, futbolun sirlərini öyrənib. Söhbət Cabbar Hacıyevdən gedir. Amma mənim kateqoriyam yoxdu. Loru dildə deyim, belə gəlmişik, belə də gedirik. 63 yaşım var, kateqoriyaya ehtiyacım yoxdu. Amma o gəncə arzulayıram ki, gələcəkdə digər kateqoriyalara da sahib olsun, karyerası uğurlu alınsın. Biz də ona kömək edənlərdən biriyik”.

 

 


“Kömək göstərilməsə, gələcəyimizin yaxşı ola biləcəyinə inanmaq çətindi”

 

 

Məmməd Lətifov Bərdə UGİM-in rəhbəridi. Ondan da rəhbərlik etdiyi qurumla bağlı bir neçə sualımıza cavab aldıq. Məmməd bəy bizimlə söhbətdə bunları söylədi: “Uşaqların hazırlıq səviyyəsi, müəllimlərin çalışmağı çox yaxşıdı. Amma çətinliyimiz avadanlıqlarla bağlıdı. AFFA-nın regionlardakı yarışlarla əlaqədar verdiyi topların hesabına demək olar durumumuz 60-70 faiz ödənilir. Ammaa son iki ildə toplar baxımından irəliləyiş yoxdu. Buna baxmayaraq “Open Fun Football School”un müəllimləri bizə kömək edirlər. Ordan verilən topların hesabına məşqlərimiz davam edir. O cümlədən geyim dəstləri ilə bağlı AFFA əvvəllər bizə yaxşı kömək edirdi. Amma son iki ildə bizə forma vermirlər. Müəllimlər köhnə formalardan maksimum dərəcədə yaxşı istifadə edirlər. Uşaqlara paylayanda nəzarətdə saxlayırlar, yuduzdururlar ki, onlar yarışa səliqəli formada çıxsınlar. Təhsil Nazirliyi tərəfindən məktəblərə kömək göstərilməsə, gələcəyimizin yaxşı ola biləcəyinə inanmaq çətindi. Nazirlik, müəyyən təşkilatlar, elə AFFA da kömək etsə, Bərdə futbolunun gələcəyi yaxşı ola bilər”.
UGİM rəhbəri məktəblə bağlı bu məlumatları da əlavə etdi: “10 məşqçi var. onların arasında “ABN”də, “Pambıqçı”da oynayanlar olub. Vaqif Süleymanovu, Cabbar Hacıyevi, əməkdar məşçqimiz Şakir Cəfərovu qeyd edə bilərəm. Bunlar öz təcrübələrindən istifadə edərək, komandaları hələ ki, yaxşı səviyyədə saxlaya bilirlər. Komandaların durumuna gəlincə, Mingəçevir regionunda mübarizə aparırıq. 5 komandamız final mərhələsinə yüksəlib. İnşallah bundan sonrakı nəticələri də yaxşı olar. Məşqçilərin işindən həqiqətən çox razıyam. Çünki “Qəbələ”nin akademiyasına, “Vətən Futbol Məktəbinə, Gəncədəki Təhsil Nazirliyinin nəzdində olan idman məktəbinə xeyli uşaq veriblər. “Qarabağ”ın aşağı yaşlılardan ibarət komandalarında da uşaqlarımız var. Keçən, o cümlədən bu il nəticələrimiz yaxşıdı.  Məşqçilərdən Cabbar müəllimin “C” kateqoriyası var. Qalanlarının kateqoriyası olmasa da, işlərini yaxşı görürlər. Müasir tələblərə cavab verirlər”.
Məmməd bəy də peşəkar komandanın olmamasının mənfi təsirlərindən danışdı. Amma bir məsələ də var ki, AFFA-nın “Region Liqası”nda komanda yaradıb çıxış etmək fikri olubmu rayon rəhbərliyinin? Hər halda olsa bu barədə UGİM-ə də məlumat verilər: “Bərdənin Premyer Liqada və ya birinci divizionda komandası olsa uşaqlar daha da fəal çıxış edərlər. Onların arzusu olar ki, Bərdənin peşəkar komandasında iştirak etsinlər və bunun üçün hazırlaşsınlar. Uşaqlara müsbət təsir edə bilər. Amma “Region Liqası”nda oynamaqla bağlı UGİM-in direktoru kimi bir söz deyə bilmərəm. Kimlərsə buna şərait yaratsa daha yaxşı olar. Amma bu bizim səlahiyyyətlərimiz çərçivəsində deyil, müəyyən şeylər var ki, məktəbin ona gücü çatmır”.

 

Sabah bunlar olmasa...

 

Bərdədə futbola həmişə maraq olub. Hər halda Premyer Liqa futbol ənənəsi olan bölgədi, birinci divizion görmüş futbolçular yetişdiriblər. Amma təəssüf ki, heç olmasa əvvəlki kimi birinci divizionda peşəkar komanda oynatmalarına şərait yaradılmır. Əslində bu təkcə maliyyə ilə bağlı deyil. Futbola yüksək səviyyədə də maraq olmalıdı. Düzdü, AFFA-nın UGİM-lərə kömək göstərməsini qiymətləndirməliyik. Yaxşı haldı, çalışırlar ki, ən azı futbol ənənəsi olan bölgələrdə bunu davam etdirsinlər. Amma eyni zamanda bu mənfi haldı. Bütün regionların bir qurumdan asılı olmasını nəzərdə tuturuq. Əslində AFFA daha çox sponsor tapıb bu regionlarda futbolun yüksəldilməsinə çalışmalıdı. Çünki sabah maliyyə problemi yaransa, yaxud hansısa dəyişikliklər üzündən qurum əlini götürsə, UGİM-lər çox pis vəziyyətə düşə bilərlər. Ki, bu artıq baş verib. Yəqin ki, az öncə geyim dəstləri və inventarla bağlı həm məşqçinin, həm də UGİM rəhbərinin narazılıqlarını oxuduz. Baxın bu kimi problemlər meydana gələ biləcəyi üçün futbolumuza marağı olan sponsorlara şərait yaradılmalıdı. Yoxsa bu gedişatla heç də böyük uğurlar qazanmaq, uşaq futbolunu inkişaf etdirmək mümkün deyil. Alternativ yollar da axtarılmalıdı.

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”

Həmid

 

Tarix: 24 Mart [12:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio