Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi FOTOLAR

00:08 - 14 İyul 2018

Sabah Bakıda başlayacaq futvolley üzrə beynəlxalq açıq turnirin püşkatma mərasimi və mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə Azərbaycan Futnet Federasiyasının (AFNF) I vitse-prezidenti, millət vəkili Aydın Hüseynov, baş katib Əfqan Həmzəyev, İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov, iştirakçı komandalar və media nümayəndələri iştirak ediblər.

 

Federasiyanın baş katibi Ə.Həmzəyev çıxış edərək yarış haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Bakıdakı “Dalğa Beach” əyləncə mərkəzinin arenasında baş tutacaq beynəlxalq turnirə dünyanın 8 ölkəsindən 8 komanda qatılacaq. Baş katibin sözlərinə görə, turnirin ümumi mükafat fondu 6000 AZN-dir. Yarışda Braziliya, Avstriya, Hollandiya, Pakistan, İran, Rusiya, Portuqaliya və Azərbaycan komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Qalib komandalara medal, diplom və pul mükafatları təqdim ediləcək.

 

AFNF-nin İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov yarışın qaydaları haqqında danışıb.

 

Çıxışlardan sonra komandalar və idman geyimləri tədbir iştirakçılarına təqdim edilib.

 

Daha sonra püşkatma mərasimi təşkil olunub. Püşkatmanın nəticələrinə görə, “A” qrupunda Portuqaliya, Braziliya, İran, Rusiya, “B” qrupunda Hollandiya, Avstriya, Pakistan və Azərbaycan komandaları yer alıblar.

 

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

 

AFNF-nin I vitse-prezidenti A.Hüseynov ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayıb.

 

A.Hüseynov futvolley üzrə beynəlxalq açıq turnirin hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını və yarışın keçirilməsi üçün bütün hazırlıqların tamamlandığını qeyd edib. O, yarış iştirakçılarına uğurlar arzulayıb.

 

Xəbər xətti