Pavel Hapal: "Azərbaycan millisinin oyununda dəyişikliklər görünür"

00:19 - 19 Noyabr 2019

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsində sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bunları deyib:

 

"Ötən oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Robert Mak qırmızı vərəqə aldığı üçün oynamayacaq. Amma qalan oyunçular meydana çıxmağa hazırdırlar. Sabah Azərbaycanla matçda yalnız qələbə haqqında düşünürük. Uelsdəki görüşün nəticəsi bizim üçün çox önəmlidi. İnanmalıyıq ki, qrupumuzdakı digər oyun heç-heçə yekunlaşa bilər. Çünki matç Uels və Macarıstan üçün çətindi. Rəqiblər qapılarını toxunulmaz saxlamağa cəhd edəcəklər. Xorvatiya ilə qarşılaşmada bəxt bizim tərəfimizdə deyildi. Ümid edirəm ki, Uels - Macarıstan duelində bəxt bizə güləcək. Çünki pis xəbər almağımız Azərbaycanla oyundakı çıxışımıza təsir edə bilər. Bugünkü məşqdən sonra dəqiq biləcəyik, bəlkə də, hansısa futbolçu yorğun ola bilər. Mütləq qələbə qazanmalıyıq".

 

Çexiyalı məşqçi Azərbaycan yığmasında bəzi dəyişikliklər olduğunu söyləyib: "Bakıdakı oyunla müqayisədə Azərbaycan millisinin oyununda müəyyən dəyişikliklər görünür. Biz matça ciddi yanaşmalı və maksimum gücümüzü ortaya qoymalıyıq".

Xəbər xətti