Qara Qarayev: "Avropa Liqasındakı şanslarımız öz əlimizdə deyil"

14:51 - 21 Noyabr 2019

"Avropa Liqasındakı şanslarımız öz əlimizdə deyil. Halbuki qrupdan çıxmaq bizdən asılı idi. Ötən turdan sonra vəziyyət dəyişdi. Buna baxmayaraq, sonadək mübarizə aparacağıq. Vuruşacağıq ki, tariximizdə ilk dəfə qrupdan çıxa bilək". 

 

Sportal.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev komandasının Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışarkən deyib. 27 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində hər şeyin qaydasında olduğunu bildirib: "Sadəcə, son uğursuzluqlar bizə mane oldu. Buna uğursuzluq da demək olmaz. APOEL-lə oyun sindirom idi. Bu rəqibə qarşı 4 görüş keçirdik. Hamısında da üstün tərəf biz olduq. Sadəcə, nəticəmiz ürəkaçan olmadı. İnanıram ki, son iki oyunda yaxşı nəticə qazanıb, növbəti mərhələyə biz yüksələcəyik. Hazırkı vəzifəmiz "Qarabağ"ın stabil oyununu qoruyub saxlamaqdır. İstər çempionatda, istərsə də Avropa Liqasında yaxşı nəticə qazanmaq istəyirik".

 

Qarayev V turda İspaniyada qarşılaşacaqları "Sevilya" ilə oyundan da danışıb. Yarımmüdafiəçi "Atletiko"dan sonra İspaniyanın daha bir təmsilçisindən xal alma ehtimalının mümkünlüyünü vurğulayıb: "Çempionlar Liqasında "Atletiko"dan hər iki oyunda xal almışdıq. Bu, o demək deyil ki, "Sevilya" ilə matçda da bunu bacaracağıq. Amma bacarmaq olar. Mümkünsüz heç nə yoxdur. Amma çətinliyin olacağını dərk edirik. Bizim işimiz oynamaqdır. İspaniyada "Sevilya", Bakıda isə Lüksemburq "Düdelanj"ı ilə görüşdə vuruşacağıq. Əlimizdən nə gəlirsə, xalqımız və azarkeşlərimiz üçün edəcəyik. Çalışacağıq ki, onları sevindirək".

 

Yarımmüdafiəçi daha sonra azarkeşlər barədə danışıb. O, millidə və "Qarabağ"da onları daim dəstəkləyən fanatlara təşəkkür edib: "Əminəm ki, onlar daha yaxşısına layiqdirlər. Lakin bu, futboldur. Bəzən nəticə qazanmaq olmur. Bizim kimi ölkələrin komandalarının nəticə qazanmaları çətindir. Azarkeşlər yanımızda olduqları üçün hamısına təşəkkür edirəm. Onların diqqəti alqışalayiqdir".

 

Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.  Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir. (Report)

Xəbər xətti