Qurban Qurbanov: "Futbolçuların üzərinə çox getməyəcəm"

21:33 - 22 Noyabr 2019

Azərbaycan Premyer Liqasında XII turun"Sumqayıt" - "Qarabağ" (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Çox fikir bildirməyəcəm. Ayxan Abbasovu təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Neçə oyun idi ki, uduzmurduq, bu baş verməli idi. Ancaq futbolçulara bildirmirdim. Hazırda futbolçuların üzərinə çox getməyəcəm. Son zamanlarda bəzi epizodlar var ki, komandayla təhlil edirik. Çox fikrim yoxdu.

 

- Komandanın fikrinin artıq "Sevilya"da olduğunu deyə bilərik?
- Deməzdim. Sadəcə iki fərqli hisdə oldu. Qola kimi həddindən artıq top itkilərinə yol verdik. "Sumqayıt" da aktivliyini artırdı. Çox nüanslar gətirmək olar, sadəcə məğlub olmuşuq və bunu qəbul edirəm. Son zamanlarda komandanı tam formalaşdıra bilmirəm. Zədəlilər var, biri sağalır, biri zədələnir. Hər bir halda, bunlara hazır olmalıyıq. İnanmıram ki, fikrimiz "Sevilya"da olsun. Hamımız qələbə qazanmaq istəyirdik.

 

- Son 4 oyunda komandanın məhsuldarlığı aşağı düşüb. Bu, nəylə bağlıdı?
- Son zamanlarda hücumçularımız çox zədələnir. Bu mövqedə problemlər olur. Yavaş-yavaş hamı qayıdır. Bu gün 1:2-dən sonra Dani Kintananı da buraxa bilərdim, ancaq risk etmək istəmədim. Futbolçuları qorumağa çalışdım.

 

- "Sevilya" səfəri öncəsi belə məğlubiyyət komandaya psixoloji cəhətdən təsir edəcəkmi və etsə, bunun qarşısın almaq üçün nə edəcəksiz?
- İstər-istəməz təsir edəcək. Biz peşəkarıq, oyundan sonra da futbolçulara fikrimi bildirdim. Bu gün tam soyuqqanlı olduq. Məğlubiyyəti tez bir zamanda yaddan çıxarmalıyıq. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez unutmalıyıq. Düşünürəm ki, problem olmayaq. Hazırda əsas olan futbolçuların tam formasını qorumaqdıq.

 

- Musa Qurbanlı nə üçün oynamır? Atasına görə, yoxsa istənilən səviyyədə deyil?
- Hər şeyin öz vaxtı var. Musa ilə yanaşı, digər gənc oyunçular da var. "Qarabağ"da oynamaq asan deyil. Onlar daha da çox çalışmalıdılar, zaman gələcək oynayacaqlar.

 

- Asmir Beqoviçin nə vaxtsa ehtiyatda qalması gözlənilirmi?
- Olacaq yəqin. Qarşıdakı oyunlara baxacağıq. Bu gün də bir az bu fikir var idi. Abbası da ehtiyatda saxlamağı düşünürdüm, ancaq oynadı. Düşünürəm ki, pis də çıxış etmədi.

Xəbər xətti