"Zirə" yayda transfer etdiyi haitili hücumçu Soni Norde ilə yolları ayırmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, "CBC Sport"da "Tok Şou"nun qonağı olan komandanın baş məşqçisi Zaur Həşimov açıqlamasında buna işarə vurub:
"Bu gün legioner limitinin ləğvi Azərbaycan futbolunun məhvinə səbəb olacaq. Biz bu yerə gəlmək üçün sıfırdan başlayıb, 7-8 il davam etməliyik. Futbolçu yetişdirməli və komandaya 4-5 yaxşı əcnəbi gətirməliyik ki, onlardan nəsə götürsünlər. "Zirə"də Banqladeş liqasında oynayan futbolçu var (Soni Norde - red). Kimisə alçaltmaq istəmirəm, amma Hindistanın B Liqasından, Banqladeş çempionatından Azərbaycana futbolçu gəlməməlidir, fikrim belədir. Pul xərcləyiriksə, düzgün şəkildə etməliyik. 10 futbolçu alma, 5-ni transfer et, xeyirli olsun. 1 transferdə səhv edə bilərsən, amma 3-4-də yox".
30 yaşlı Soni Norde karyerası ərzində Banqladeş və Hindistan klublarında çıxış edib. Nordenin müqaviləsi mövsümün sonunda başa çatacaq.