"Sumqayıt"la "Zirə"nin sabiq baş məşqçisi Samir Abasovun Sportal.az-a müsahibəsi.
- Saytımızda keçirilən sorğuda respondentlər millinin baş məşqçisi olmağa sizi layiq bildi. Əgər AFFA-dan da təklif gəlsə, yığmanı çalışdırmağa hazırsınız?
- Sorğu təşkil etdiyiniz üçün və mənə səs verən insanlara təşəkkür edirən. Özümüzü aldadırıq, belə bir şey olmaz. Burda çətin iş yoxdur ki. Məni və ya digərini gətirəndə hazır olub-olmadığını soruşmurlar. Pulunu verib, gətirirlər. Milliyə gələcək adam hansı şəkildə hazır olduğunu izah etməlidir. Gəlsə, nə edəcək? Sorğu həm də xalqın səsini eşitmək üçün yaxşı addımdır. İnsanların nə istədiyini görürük. Bu baxımdan yəqin ki keçirmisiniz. Respondentlərə, jurnalistlərə minnətdaram. Məncə, gətiriləcək adam bəllidir. Düşünürəm ki, əcnəbi olacaq. İnanmıram ki, federasiyada hansısa yerli məşqçinin söhbəti edilsin.
- Əgər dəvət gəlsə, sizin milli ilə bağlı proqramınız var?
- Bu günə qədər gələn insanlar nə vaxt qarşımıza proqram qoyub? Nə vaxt dedilər ki, 5, 10 və ya 100 ilə bu işlər görüləcək. Kimsə bəlkə mətbuata bu barədə deyib və ya təqdim edib, mən görməmişəm. Yurçeviçi proqram təqdim edəndə kimsə gördü? Bu gün əcnəbi məşqçi ilə bağlı atılan istənilən addım havaya sovrulmuş pullar deməkdir. Əsla düşünməyin ki, özümü fikirləşirəm, xeyr!
- Azərbaycanda yaxşı məşqçi nəsli yetişir. Amma gənc mütəxəssislər qala-qala yığma komandalara Miloş Velebit, Milan Obradoviç, Nikola Yurçeviç kimi uğuru olmayanlar gətirilir. Niyə yerlilərə etimad yoxdur?
- Burda mətbuatın da əməyi az deyil. Uğur olmayan hallarda belə insanlara dəstək olanlar var. Həmişə olmayan şeydən yapışıblar. Əsas millini hardasa başa düşərəm ki, adlı-sanlı mütəxəssisə həvalə edilsin. Əslində, bu da absurd addımdır. Sən məşqçinin adı ilə oynamırsan, işin göz qabağında – meydandadır. Biz cavan məşqçilərin akademiya fəaliyyətində etiraf edim ki, təcrübəmiz azdır. Bu yöndə xarici mütəxəssisin köməyinə ehtiyac duymaq olar. Həddindən artıq akademiya fəaliyyətində təcrübəsizik, bununla razıyam. Amma U-17, U-19, U-21 və əsas millinin baş məşqçi məsələsində seçim onlarındır. Nə deyə bilərik?
- Nikola Yurçeviçin yerində yerli mütəxəssis olsaydı, daha yaxşı işlər görə bilərdi?
- 100 faiz. Yurçeviçin işi heç tərəziyə qoyulası deyil. O kimdir axı? Nə olsun ki, xorvatiyalıdır. Balkan ölkələrinin yaxşı məşqçisini görməmişəm. Bəli, xorvatlarla serblərin futbolçu yetişdirməyi mükəmməldir. Bunları irəli aparan agentlərdir, fikir verin, uğur qazananları tək-tükdür. Balkanlarda güclü məşqçi yoxdur. Yurçeviçin işini müqayisə etmək belə lazım deyil. 1 xaldan danışmayaq, gəlin, oyunu müzakirə edək. Biz yolumuzu düz tutmamışıq. Xalı qırağa qoyun, yığmanın göstərdiyi oyuna fikir verin, heç tərəziyə qoyulası deyil. Əlbəttə, digər məşqçi olsaydı, fərqli iş göstərəcəkdi, xal da qazancaqdı. Bəlkə də, xal qazanmazdı, amma gələcək üçün vəd ediləsi oyun göstərəcəkdi. Hər bir uğurun arxasında zaman dayanıb. Biz isə hər ili itiririk. Xaricdən məşqçi gətirin, vədlər verəcək. 1-2 aydan sonra görəcəksiniz ki, düz demir, boş danışıb. Fikirləşir ki, maaşımı alım. İtirən biz, vətənin övladları, bayrağımız olacaq. Bu gün reallığı bilirik ki, klublarımızın, çempionatın səviyyəsi necədir. Hamı bilir bunu. Belə bir vəziyyətdə əcnəbi mütəxəssisin edə biləcəyi nə var?
- Bu gedişlə gələcək 10 ildə də milli komandalarda vəziyyət acınacaqlı olacaq. Aşağı yaş qrupları da məğlubiyyət psixologiyası ilə böyüyür.
- U-17, U-19 və U-21-dən əsas milliyə futbolçu gəlmirsə, yığmanın baş məşqçisinin vədi nə olacaq? Bunu açıqlayın. 3-4 ilə deyir ki düzəldəcəm. Kimi düzəldəsən? İndidən 0:6 hesabı ilə uduzan uşaqlar A komandaya necə gəlib çıxacaq? Fikrimizi uşaq futboluna ayırmalıyıq, bəlkə, nəsə edə bilərik. Bəlkə A millidə nəsə olar. Məsələn, yığmanı üzdə olan futbolçularla gəncləşdirmək olar, eybi yoxdur, bütün oyunları uduzaq, amma təcrübə yığa-yığa möhkəm komanda formalaşdıraq. Ən yaxşı gənclərimizlə bir neçə ildən sonra nəyəsə ümid etmək olar. Bu siyasəti klublarda rəhbərlik, millilərdə isə federasiya görür.
- Millini yerli məşqçi çalışdırmalıdır, yoxsa əcnəbi?
- Yerli.
- Klublardan təklif almısınız?
- Heç bir təklifim yoxdur. Söz-söhbətlər var. Amma təklif almamışam. Əlaqəyə giriblər, amma demək olmaz. Evdəyəm, çalışıram. İşlər görürəm.
- “Zirə”dən ayrılmağınızı təhlil etdiniz?
- Burada analizlik bir şey yoxdur. Hər nəticənin arxasında zaman durur. Siz mənə inanırsınız, vaxt verirsiniz, çünki nəyə qadir olduğumu bilirsiniz. Uğura çatmaq üçün zaman lazımdır. İlk mövsümdə qışdan sonra göstərdiyimiz oyun, yığdığımız xallları təsəvvür edin. Kubokun yarımfinalında bəxtsizlikdən uduzduq. Yeni mövsümdə zədəli oyunçularımız var idi. Hətta bir oyuna 14-15 futbolçu ilə çıxmışdıq. Məyus olası və kimdənsə küsəsi bir şey yoxdur. Bunlar futbolun bir hissəsidir. Rəhbərlik belə qərar verib. Sizin və mənim istəyimiz bir qırağa qalsın, rəhbərlik başqa şey arzulayır. Onlar Avropa Liqasını istəyirdi. Buna görə də mənimlə yollar ayrıldı, normal haldır. 7 turdan sonra 2-ci yerlə 3, 3-cü yerlə 2 xal fərqimiz var idi və burda analizlik bir şey yoxdur. Qeyri-stabil idik, amma maraqlısı odur ki, həmin vaxtda “Qarabağ”dan başqa bütün klublar belə idi. “Neftçi”nin startını xatırlayırsınız. “Sabah”ı hamı favorit görürdü, amma uğursuz başladılar. Mövsümün əvvəlində yeni yığılan komandalarda olur. Analiz ediləsi nə var axı? Nəyi təhlil edim? Evdə “Neftçi”ni, səfərdə “Sumqayıt”ı udduq, bəli, “Keşlə” ilə bərbad oynamışdıq. Qeyri-stabilliyi çempionatın əvvəli ilə əlaqələndirirəm.
- Transferlərdən istədiyinizi ala bildiniz?
- Sezar Meza Kolli, Aleksey İsayev və Riçard Qadze çempionatımızın nə səviyyədə olduğunu göstərdilər. Qadzeni komandaya gətirəndə 5-6 ay idi ki oynamırdı. Bunlara baxanda Meza Kolli ehtiyatda çox qalsa da, bir az oynamışdı. Rumıniyada az hallarda meydana çıxırdı. Aleksey İsayev də 5-6 ay futbolsuz qaldı və indi “Sumqayıt”ın ən yaxşısıdır. Vəssalam, buna çox cavab axtarmayaq. Transferlərə vaxt lazımdır. İnsana adaptasiya üçün zaman verilməlidir. Mfo Kqasvane ilk oyununu keçirdikdən sonra mənə sual verildi ki, bu futbolçudan razısınız? Cavab verdim ki, əgər onu mən gətirmişəmsə, arxasındayam. İkinci oyununda isə Sumqayıtda mükəmməl qol vurdu, turun ən yaxşısı seçildi, rəmzi 11-liyə düşdü. Sonra hamı Kqasvanedən danışdı. Ola bilər ki, yanıldığımız transferlər olub. Bu gün istədiyin hər kəs gəlmir. Tutaq ki, Papazoqlunu 10 manata gətiririk, onun əvəzedicisinə isə 2 manat ödəyirik. Bir də görürsən ki, daha aşağı qiymətə gələn komandanın ən yaxşısı olur. Transferlərdə belə şeylər mümkündür.
- “Zirə”nin baş məşqçisi Zaur Həşimov açıqlamasında bildirmişdi ki, Azərbaycana Banqladeş və Hindistandan oyunçu gəlməməlidir. Onun fikirlərinə münasibətiniz necədir?
- O, Banqladeşdən gəlməmişdi ki. Hindistandan bizim kluba keçdi. Hər kəsin öz fikri var. İndi Zaur Həşimov da Hindistandan oyunçu gətirməsin. Soni Norde Haiti millisinin üzvü idi, məktəb görmüş futbolçudur. Riçard Qadze də Hindistandan “Zirə”yə gəlmişdi. İndi Qadzedən ikiəlli yapışıblar. Daha öncə “Zirə” Hindistandan Kervan Belforu almışdı. Qardaşlar, klublararası dünya çempionatına baxın. Liviya, Sudan, Uqanda millisinin üzvlərini izləyin, görün, nə oyun çıxarırlar. Bu, düzgün yanaşma deyil, məncə.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi