Mövsümün taleyi necə olmalıdır? – klubların mövqeyi

21:53 - 8 May 2020

Bir çox ölkələrdə koronavirus pandemiyasına görə dayandırılan futbol mövsümü barədə qərar verilib. Fransa və Hollandiyada mövsüm ləğv edildi, Almaniya, Türkiyə kimi ölkələrdə isə mövsümün bərpa tarixi dəqiqləşib. Avropada virusun ən çox yayıldığı İtsliya və İspaniyada artıq klublar məşqlərə başlayıb.

 
Azərbaycanda isə futbolla bağlı qeyri-müəyyənlik hökm sürür. Xüsusi karantin rejimi mayın 4-də başa çatacağı təqdirdə, Premyer Liqansın mayın 23-də bərpa edilməsi planlaşdırılırdı. Ancaq karantinin müddəti mayın sonunadək uzadıldı. Belədə, açıqlanan tarixdən mövsümün bərpa edilməsi mümkün görünmür. Bu azmış kimi, hələ komandalara məşqlərə başlamaq icazəsi də verilməyib. Bizdə olan məlumata görə, AFFA çempionatın taleyi ilə bağlı səlahiyyətli hökumət orqanlarına müraciət edib.
 
Bəs mövcud naməlum şəraitdə Premyer Liqa klubları nə düşünür? Mövsümlə bağlı hansı qərar verilməlidi?
 
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl vəziyyəti dəqiq bilən Operativ Qərargahın futbolla bağlı doğru qərarlar qəbul edəcəyinə əmindi:
 
“Hamımız Operativ Qərargahın qərarını gözləyirik. Ümid edirik ki, çempionatı başa vura biləcəyik. İnşallah, bu mümkün olacaq. İndiki məqamda bizim fikrimiz çox əhəmiyyət daşımır. Qərar verən Operativ Qərargahdı. Əminəm ki, düzgün qərar veriləcək və şərtlər əl verərsə, mövsümü davam etdirə biləcəyik. Mənə qalsa, tezliklə məşqlərə başlayaq. Ancaq bizim fikrimiz nəyi isə dəyişmir. Vəziyyəti dəqiq, şəffaf bilən Operativ Qərargahdı. Hazırda veriləcək qərarı gözləyirik”. 
 
“Neftçi”nin prezidenti Kamran Quliyev mövsümün davam etdirilməsinin tərəfdarı olduqlarını, ancaq hansı qərar verilsə, onu icra edəcəklərini söylədi:
 
“Biz mövsümün davam etdirilməsinin tərəfdarıyıq. İstərdik ki, qalan 8 tur da keçirilsin və çempionat tamamlansın. Ancaq bununla bağlı qərarı FIFA, UEFA ilə müzakirələrdən, dövlətin qəbul etdiyi qaydalara uyğun olaraq AFFA və PFL verir. Hansı qərar verilsə, onu icra edəcəyik. Dövlətin tətbiq etdiyi qayda və qanunlar var. Biz həmin qaydalar çərçivəsində hərəkət etməliyik. Nə vaxtsa qərar verilsə ki, çempionat davam etdirilməlidi, məşqlərə icazə verilir, o zaman məşqlərə başlaya bilərik. Bu proseslər bir-birinə bağlıdı. Hələ ki, gözləyirik. Federasiya və PFL-lə danışıqlarımız olur. Ancaq son qərarı Operativ Qərargah verəcək. Klub olaraq mövsümün başa çatmasının tərəfdarıyıq”.
 
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev mövsümün başa çatdırılacağına ümidlidi:
 
“Digər klublar kimi, “Sumqayıt” klubu olaraq biz də yalnız mövsümün bərpasını fikirləşirik. Düzdü, bu, bizim səlahiyyətimizdə deyil, daha çox AFFA və PFL-in verəcəyi qərardı. Biz klub olaraq onlayn məşqlərimizi davam etdiririk. Nə vaxt desələr ki, mövsümə başlaya bilərsiz, məşqləri bərpa etmək olar, o zaman da meydanlara qayıdacağıq. İndiki halda, məşqlərə başlamağımız üçün Operativ Qərargahın göstərişi lazımdı. Onların göstərişi olmadan karantin qaydalarını poza bilmərik. Necə deyərlər, ümid sonda ölür. Mövsümün başa çatdırılacağına inanırıq”.
 
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov da tezliklə koronavirus təhlükəsinin aradan qalxacağına və mövsümün qaldığı yerdən davam edəcəyinə ümid edir:
 
“Hamı kimi biz də çempionatın davam etdirilməsini istəyirik. Futbol üçün çox darıxmışıq. Ancaq hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun davranmalıyıq. İnsanların sağlamlığı bizim üçün hər şeydən önəmlidi. Biz koronavirusla mübarizə istiqamətində qəbul edilmiş qaydalara tam riayət edir və bununla bağlı atılan addımları dəstəkləyirik. Ümid edirəm ki, tezliklə koronavirus təhlükəsi tamamilə aradan qalxacaq və çempionat qaldığı yerdən davam etdiriləcək”.
 
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov bildirdi ki, çempionatda 8 tur və kubokda yarımfinalla final matçlarının qaldığı nəzərə alınsa, mövsümü bitirmək mümkündü: “Belə bir durumda nəsə deməyimiz düzgün olmazdı. İstəyimiz odu ki, tezliklə həyat şərtləri normala dönsün və komandamız da fəaliytyətini davam etdirsin. İndiki halda yalnız aidiyyatı qurumların verəcəyi qərarlara uyğun hərəkət etməliyik. Yəqin ki, yaxın günlərdə çempionatın taleyinə aydınlıq gələcək. Əgər xüsusi karantin rejimi ilə bağlı vəziyyət sərtləşməzsə, mövsümün davam etdiriləcəyinə inanıram. UEFA, FIFA çempionatların başa çatması üçün son tarix olaraq avqustun əvvəlini göstərir. 8 tur və kubok yarışında yarımfinal və final matçlarını nəzərə alsaq, ümidimiz var ki, mövsüm başa çatdırılacaq. İdmançının bu qədər uzun müddət məşqsiz qalması hər bir halda yaxşı deyil. Yəqin ki, yaxın günlərdə mövsümlə bağlı yekun qərar veriləndə bu məsələ də nəzərə alınacaq”.
 
“Zirə”nin baş meneceri Elman Himayətoğlunun fikrincə, çempionat bərpası planlaşdırılırsa, komandalar yaxın günlərdə məşqlərə start verməlidi:
 
“Komandalar iki aya yaxındı məşq etmir. Çempionatın bərpası üçün əvvəlcə məşq etmək lazımdı. Bu isə karantin qaydalarından asılı məsələdi. Bildiyiniz kimi PFL də çempionatın mayın 23-də bərpa olunacağını açıqlayanda Operativ Qərərgahın növbəti addımlarına uyğun olaraq dəyişiklik ola biləcəyini qeyd etmişdi. Hələ ki, PFL növbəti addımı açıqlamayıb. Yeni qaydaların açıqlanmasından sonra növbəti addımın nə olacağı müzakirə olunur. Təbii ki, biz yarışın bərpasının tərəfdarıyıq. Lakin insan sağlamlığı daha vacibdir. Ona görə də hər şey pandemiyaya qarşı mübarizədə görüləcək tədbirlərdən asılıdı və bununla razılaşmalıyıq. Bir daha təkrar edirəm ki, indi futbolçular üçün ən vacibi məşqlərin bərpasıdı. Çünki uzun fasilədən sonra oyuna çıxmaq üçün yaxşı hazırlıq keçilməlidi. Bu isə az vaxt tələb etmir. Çempionat bərpa olunacaqsa, məşqlər yaxın günlərdə başlamalıdı. Qərar verilərsə, futbolçuların yoluxma hallarının qarşısını almaqla, hər hansı təhlükə yaratmadan məşq etməsi mümkündü”.
 
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov isə fərqli düşünür. Onun sözlərinə görə, indiki məqamda yeni mövsümü düşünmək daha doğru olar:
 
“Mövcud duruma baxmaq lazımdı. Çempionat bərpa olunan ölkələrdə yəqin ki, hansısa formada irəliləyiş var. Dövlətimiz ilk gündən insanların sağlamlığı üçün qərarlar qəbul etdi. Çünki ən vacib məsələ budu. Ancaq son günlərdə görürük ki, yoluxma sayında yenidən artım müşahidə olunur. Futbol kollektiv idman növdü. 22 futbolçu meydançada bir-biri ilə birbaşa əlaqədə olur. Bir matçın baş tutması üçün 4 saata yaxın vaxt lazımdı və bu zaman ümumilikdə 200-ə yaxın şəxs iştirak edir. Son qərarlara və mövcud duruma baxdıqda, inanmıram ki, mayın axırına kimi məşqlərə başlayaq. 2 aylıq fasilə yaranıb. Mayın ortalarında belə, məşqə başlasaq, futbol adına heç nə göstərmək mümkün olmayacaq. Əlbəttə, qərar nə olsa, ona hörmət edib işimizi davam etdirməliyik. Ancaq indiki məqamda yeni mövsümü düşünmək daha doğru olar. Mövsüm bərpa olunsa, komandaların heç biri 2-3 gündən bir oynamağa hazır olmayacaq. Bu qədər uzun müddət məşqsiz qalmaq çətindi. Hətta mövsüm öncəsi 4 həftəlik hazırlıqdan sonra belə, futbolçular tam formada olmur. Mayın 4-5-i məşqlərə start versəydik, ayın axırına başlamaq olardı. Hələ də konkret bir şey yoxdu deyə, nəsə demək də olmur. Hər halda düşünək ki, insanlarımız sağalsın, virus ölkəmizdən tam təmizlənsin, ondan sonra futbolu da fikirləşmək olar”.
 
“Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova liqanı davam etdirməyin mümkünlüyü üçün tez bir zamanda məşqlərə bağlamağın lazım olduğunu vurğuladı:
 
“İlk növbədə biz vətəndaşların sağlamlığını düşünürük. Hazırda xüsusi karantin rejimi davam edir. Karantin qaydalarına əməl etmək futbol klubu olaraq bizim də borcumuzdu. Məşqlərin bərpası üçün həm federasiya, həm də klublar ilk növbədə Operativ Qərargahın cavabını gözləyirik. May ayının ortalarında məşqlərə başlasaq, heç olmasa 3 həftədən sonra mövsümü bərpa etmək olar. Əgər iyunda çempionat bərpa olunsa, bu zaman da qrafik çox sıx olacaq. Bu da komandalara çətinlik yaradacaq. Məşqlərə tez başlamaq lazımdı ki, liqanı davam etdirmək mümkün olsun. Alternativ variantlar da ola bilər. Hər halda, federasiyadan hansı qərar verilsə, ona riayət edəcəyik” (futbolpress.az).

 

Xəbər xətti