"Qurban-Rəşad kabusu" elxansevərləri rahat buraxmır - QEYD

14:47 - 6 Sentyabr 2020

Azərbaycan yığması Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub. 

 

Sportal.az xəbər verir ki, tanınmış idman jurnalisti Anar Şabanoğlu "Facebook" hesabında millinin məğlubiyyəti barədə fikirlərini bölüşüb:

 

"Millidə Qurban Qurbanovla Rəşad Sadıqovun torbasını tikəndən sonra "Guya onlar gəlib neynədi?!" fikri AFFA-dan qazanan və Elxan Məmmədova yarınan adamlardan tez-tez səslənir. Qurbanovun ardından Elxan müəllimin öz kadrı Nikola Yurçeviç millimizin tarixində antirekorda imza atıb getsə də, ikinci əcnəbi məşqçi Canni De Byazi Lüksemburq fiaskosu yaşasa da, hələ də "Qurban-Rəşad kabusu" elxansevərləri rahat buraxmır.


Əslində, belə də olmalı idi. Haqqını yediyiniz adamların ahı başınızın üstündən heç vaxt əskik olmayacaq, yuxularınızı da qarışdıracaq, sayaqladacaq, səksəndirəcək və s.


Bərbad günə qoyduğunuz, dünyada ölkəmizin adını rüsvay edən milli komandamızı düzəltmək, saldığınız quyudan, bataqlıqdan çıxartmaq istəyən, çıxış yolunu göstərən adamlara vedrə qoşub AFFA-dan ilim-ilim itirdiniz... Bu sizin üçün ölkənin tək-tük futbolçu yetişdirən yeni akademiyaları, sizdən asılı olmayan "Bakı", "XL", "Karvan", "MKT Araz", "Simurq" kimi yeni infrastrukturu olan klubları məhv etmək, Gəncə, Tovuz, Mingəçevir, Qazax kimi futbol şəhərlərini futbolsuz qoymaq deyildi. Dağıtmaq, talamaq, yeyinti eləmək qabiliyyətiniz hamıya məlumdu. Bu adamlar isə kəllə-mayallaq aşırtdığınız futbolumuza yaratmaq, qurmaq, inkişaf etdirmək kimi ideyalarla gəlmişdi.

 

Qurban-Rəşad cütü milliləri sırf yeyinti üçün gətirilən aşağıkeyfiyyətli əcnəbi "futbolçular" və "mütəxəssislər"dən təmizləyib öz istedadlı uşaqlarımızı, gənc məşqçilərimizi inkişaf etdirmək istəyirdi. Onların fikri, planı millini də "Qarabağ" kimi qitədə və dünyada özündən söz etdirəcək bir komandaya çevirmək idi. Altı illik müqavilə də bu məqsədlə imzalanmışdı. Amma bu planlar sizi millilərdə əyri yollarla əldə etdiyiniz maddi qazancdan məhrum edəcəkdi deyə tez tələsik torbalarını tikib istefaya göndərdiz.


"Qarabağ"da əcnəbilərin hesabına uğur qazandılar, millidə heç nə edə bilməzlər" fikrini cəmiyyətə sırımağa çalışdınız. Onsuz da sizin millinin heyətinin yarıdan çoxu əcnəbilərdi də! Siz gələn gündən həmişə belə olub. Siz neynəmisiz bu 13-15 ildə? Qurbanın, Rəşadın futbolumuz üçün etdikləri bəllidi. İndi də yığmada lap sizin kimi legionerlər gətirəsi olsalar belə həmin futbolçular "Qarabağ"a uğur qazandırdıqları kimi, milliyə də uğur qazandıracaq keyfiyyətdə olacaqdı. Amma onlar başqa və ən doğru yol seçmişdilər. Öz uşaqlarımızı, azərbaycanlı uşaqları yetişdirib mili səviyyəsinə çatdırmaq, öz məşqçilərimizi, mütəxəssislərimizi yetişdirib futbolumuzu sözdə yox, əməldə inkişaf etdirmək. Bu sizin dağıdıcı ideyalara tam zidd idi deyə Qurbanla Rəşadı yola saldınız.


Rəşad 18-19 yaşlı futbolçularla əsas milli ilə Yurçeviçdən daha yaxşı nəticə və oyun göstərərdi. Əslində hazırki vəziyyətdə ən doğrusu da budu. Bu milli, bu futbolçularla Millətlər Liqasında da, əsas seçmə qrup mərhələsində də fiaskoya uğrayacaq. Bunu bilmək üçün futbol mütəxəssisi olmaq lazım deyil. Bundansa 17-18 yaşlı gənclərə şans verin, uduzsalar da təcrübə qazansınlar. Bəlkə, gələcəkləri üçün faydalı olar.

 

Futbolumuzun bu günü yoxdu, indidən sabahı üçün iş görülməsə sabahı da olmayacaq, birisigünü də...
31 yaşlı Maksim Medvedevlə 29 yaşlı Badavi Quseynovla biz hansı gələcəyə ümid edək?! Sabahı düşünürüksə bu millidən çox az sayda futbolçunu saxlayıb total gəncləşdirmə aparmaq lazımdı. Hər xəttdə bir-iki nisbətən təcrübəli futbolçu qalmaq şərtilə 17-18 yaşlılara şans vermək lazımdı. Emil Balayev, Bəhlul Mustafazadə, Amin Seydiyev, Ömər Buludov, İsmayıl İbrahimli, Mahir Emreli, Renat Dadaşov, Ramil Şeydayev yenilənən millinin nisbətən təcrübəli simaları ola bilər.

 

Amma milliyə və ümumiyyətlə futbolumuza yeni nəfəs gəlməsi üçün ilk növbədə AFFA-nın rəhbərliyi dəyişməlidi. Elxan Məmmədov və SOCAR-dan maliyyələşən klublardakı əlaltıları qaldığı müddətdə Azərbaycan futbolu heç vaxt irəli getməyəcək! Bunu 13 ildi görürük, buna əmin olmuşuq. Allah bu məşəqqətin davamından qorusun!"

Xəbər xətti