Qurban Qurbanov: "İstəmirəm ki, azarkeşlərimiz hansısa komandanın məşqçiləri ilə bağlı şüarlar səsləndirsinlər"

21:11 - 30 Oktyabr 2021

Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” (4:0) matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Futbolçularımı təbrik edirəm. Nəticə öz yerində, çox yaxşı mübarizə apardılar. Komandanın əzmkarlığından razı qaldım. Bu, çox vacib idi. Çox yaxşı komandaya qalib gəldik. Hər iki komandaya uğurlar arzulayıram.

- Oyunun belə asan keçəcəyini gözləyirdiz?

- Ən çətin oyunlarımızdan biri idi. Hesab asan göstərə bilər, ancaq bu komandaya qaşrı 90 dəqiqə diqqətli olub, mübarizə aparmalıydıq. Çox böyük güc sərf etdik. Futbolçular çox yoruldular. Çətin proqramdayıq. Diqqətli olmalı perioddayıq. Bəzi oyunlarda rotasiya edirik, bəzən effekt vermir. Bizim üçün asan olmadı. Bu perioddakı bütün oyunlarda çox güc sərf etməli oluruq. “Səbail”lə görüşdəki meydança amili futbolçuları ikiqat yordu. Çox gərgin oyun getdi. “Neftçi” sona kimi təslim olmurdu. Əlavə güc sərf etdik.

- “Qarabağ” azarkeşləri “Neftçi”nin baş məşqçisi Samir Abasovu istefaya səsləyirdi və siz onlardan bunu dayandırmalarını istədiz...

- Bu məsələyə qarışmaq, bəlkə də, səlahiyyətimdə deyil. Ancaq buna etirazımı bildirdim. Mənə görə xoş deyil. Həmişə demişəm ki, klub olaraq hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddı, öz ideyaları var, ancaq istəmirəm ki, azarkeşlərimiz hansısa komandanın məşqçiləri ilə bağlı şüarlar səsləndirsinlər. Onlar komandamızı həddən artıq çox istəyirlər. Bəzən bu, əlavə şeylər axtarmağa səbəb olur. Mənim üçün xoş deyil. Hətta öz məşqçilərimizlə bağlı da bunları səsləndirmələrini istəmirəm. Rəqib komandanın baş məşqçisi, ələlxüsus da Samirlə bağlı şüarlar səsləndirmək xoş deyil. Hamımız bir yerdə futbol oynamışıq, istəyərəm ki, hər birinin uğurları daha çox olsun. İnanıram ki, gələcəkdə belə hallar təkrarlanmayacaq.


- Klubun rəhbərlərindən Tahir Gözəl bildirdi ki, komandanızı Avropa yarışında finalda görmək istəyir...

- İstək böyük olur. Hamımızın istəyi var. Hər oyuna ehtiyatla yanaşmalıyıq. Çalışmalıyıq ki, səhv etməyək. Səhv edən məğlub olur. Hər bir rəhbər daha yaxşı nəticə istəyir. Buna da normal yanaşıram.

Xəbər xətti