Azərbaycanlı futbolçunun 900 min avroluq ŞİKAYƏTİ – Dekabrın 17-də…

13:30 - 4 Noyabr 2021

FİFA-nın azərbaycanlı futbolçu Bəhlul Mustafazadənin şikayət ərizəsi ilə bağlı qərarını nə vaxt açıqlayacağı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə “Sportinfo TV“yə onun meneceri Səbuhi Səfiyarlı bildirib.

 

Onun bildirdiyinə görə, beynəlxalq ali qurum Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubundan narazı düşən millimizin müdafiəçisinin şikayətini hazırda araşdırır, yekun mövqeyini isə dekabrın 17-də bəyan edəcək.

 

Mustafazadə BƏƏ klubundan 900 min avro təzminat istəyir.

 

“Qəbələ”nin yetirməsi onunla 3 illik müqavilə imzalayan və iyulun 1-dən qüvvəyə minən kontraktı sonradan birtərəfli qaydada pozan BƏƏ təmsilçisinin qeyri-peşəkar davranışına görə sərt cəzalandırılmasını arzulayır.

 

“Əl-Əyn”lə razılığa gəlməsi səbəbindən “Sabah”dan ayrılan, ərəblərin məlum addımı atması nəticəsində “Qarabağ”ın yolunu tutan Mustafazadənin FİFA-ya göndərdiyi şikayət ərizəsində 900 min avronu qeyd eləməsi təsadüfi deyil.

 

BƏƏ klubu rəsmi sənədlərə əsasən, 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürüb.

 

Eyni zamanda “Sabah“ da ərəb həmkarlarını məhkəməyə verib. Asiya təmsilçisi Bəhlulun keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğvi ilə bağlı “Sabah”a məktub ünvanlayıb. Bu, transfer reallaşdıqdan 18 gün sonra gerçəkləşib.

 

BƏƏ klubuna keçdiyi üçün Mustafazadənin “Sabah”la müqaviləsi də ləğv olunmuş hesab edilir. Bu üzdən də müdafiəçi azad agent statusuna yiyələnib və “Qarabağ“ın yolnu tutub.

 

Hadisələrin belə axarından narazı olan “Sabah” FİFA-ya şikayət edib. Masazır təmsilçisi “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə quruma müraciət ünvanlayıb. Tələb 600 min avroluq təzminatın ödənilməsidir.

Xəbər xətti