Qurban Qurbanov: "Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istəyirəm"

12:35 - 24 Noyabr 2021

"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir. Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq.

 

Rəqib barədə də xoş sözlər demək istəyirəm. "Omoniya" oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var. 90 dəqiqə meydanda çox diqqətli olmalıyıq.

 

Bu matçın nəticəsindən asılı olmayaraq hər şey son görüşdə məlum ola bilər. Bizə hər oyun çox vacibdir. "Kayrat"la evdəki və səfərdəki matçlar vacib idi. Hər ikisində qalib gəldik. Sabahkı qarşılaşma da vacibdir. Futbolçularda arxayınlığın olmasını istəmirəm. Onlara hər matçda qalib gəlməyi və istəkli olmağı tapşırıram. Hər oyun kimi bu görüş də vacibdir. Amma "Bazel"lə İsveçrədəki qarşılaşma bundan da vacib olacaq. Hər oyunda diqqətli olmalıyıq. Mən və komanda "Omoniya" ilə qarşılaşmaya çox ciddi hazırlaşırıq.

 

Bütün oyunlarda cüzi də olsa dəyişiklik olur. Öz sistemimizi qorumağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər. Komandanın daha da məsuliyyətli və diqqətili olmasını istəyirik.

 

"Omoniya"nın oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə oynayırlar. Hücumda müəyyən dəyişikliklər edirlər. Onlar üçün də bu oyun vacibdir. Hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazırlıqlı olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza aşılamışıq.

 

İsmayıl İbrahimlinin praktikası çatmır. Onun yavaş-yavaş meydanda olmasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Düzgün dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük.

 

Qışda futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddindən artıq güvənirəm. Çox gözəl komandamız, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istəyirəm. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək niyyətindəyəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönənmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum mübarizə aparmaq gücündəyik.

 

Çətinlik çəkdiyimizi deyə bilmərəm. Futbolçuların təcrübəsi yetəri qədər artıb. Çempionatda az, avrokubokda isə çox azarkeş oyunları tribunadan izləyir. Buna köklənmək bir az çətindir. Futbolçu yorğun olsa, azarkeş ona motivasiya verir. Bəzən heyətdə 3-4 dəyişiklik edirik. Bəzən əvəzləmə sayı az olur, elə olub ki, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq. Çünki milli komandanın oyunları yoxdur. Bu hissədə matçlara hazırlaşmaqda elə çətinliyimiz olmamalıdır. Baxmayaraq ki, futbolçular ilin sonunda evə getməyi fikirləşir. Mənim üçün çətin odur ki, futbolçular evi fikirləşməsinlər.

 

Bela hallar futbolçuların mübarizə əzmini daha da artırır. Azarkeşlərin çılğınlığı normaldır. Fransa çempionatında “Lion” – “Marsel” oyununda da bu tip hadisələr yaşanıb. Bunlar normal hallardır. Təxribat isə fərqlidir. Bizə qarşı başqa təxribatlar olub. Belə hallar mənim futbolçularımı, əksinə daha motivasiyalı edib".

Xəbər xətti