"Qarabağ" Azərbaycan Premyer Liqasının 13-cü turunda öz meydanında "Sabah"ı 5:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, çatçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Öncə futbolçularımı təbrik edirəm. Həqiqətən çox vacib qalibiyyət əldə etdilər. Bəlkə də hesab bizi aldada bilər. Amma çox ciddi bir rəqibə qarşı oynayırdıq və futbolçularım çox güc sərf etdilər. Rəqib hesabda geri olmasına baxmayaraq 3:1, 4:1-dən sonra üzərimizə gəlirdi. Daha çox hücumda oynamaq istəyirdilər. "Sabah" həqiqətən bizim üçün çox ciddi rəqib idi. Rəqibdə son vaxtlar dəyişikliklər olub. Son 5 oyunda 4 qələbə qazanıb 1 heç-heçə ediblər. Bu bizi bir az narahat edirdi. Düşünürəm ki, oyuna düzgün hazırlaşdıq. Bizim üçün fiziki baxımdan bu il çox ağır keçdi. Futbolçularda bir az yorğunluq var idi, amma düşünürəm ki, çox layiqli qələbə qazandıq. "Sabah"a, baş məşqçiləri Murad Musayevə uğurlar arzu edirəm.
- Kevin Medinanin durumu "Bazel"lə oyuna kimi nə yerdə olacaq?
- Dünən məşqin sonunda əzələsində ağrı hiss etdi. Bu gün MRT müayinəsindən keçib. Əzələsində çox cüzi bir qanaxma var. Ümumən özünü pis hiss etmirdi. Hər bir halda oynatmaq böyük bir risk idi. İki gün tam istirahətə və müalicəyə ehtiyacı var. Həkimlər həftənin 2-ci günü tam məlumat verəcək. "Bazel" lə matçda oynamaq şansı 50/50-yədir. Yenə də hər şey gedişatdan asılı olacaq.
- Musa Qurbanlıya daha az şans verməyiniz nə ilə bağlıdır?
- Musa ilə bağlı heç bir səbəb yoxdur. Oyunun gedişatına görə dəyişikliklər edirik. Hesab 3:1, 4:1 olmağına baxmayaraq hər hansı səhv, buraxılan qol komandada qeyri-stabillik yarada bilərdi. Bəlkə də rəqib daha çox qapansaydı, Musadan istifadə edərdik.
- "Bazel"lə həlledici oyunda hər hansı hakim amili ilə bağlı daxili narahatlığınız var?
- Başımıza çox işlər gəlib. Kimə sual versən deyəcək ki, hakim də insandır, o da səhv edə bilər. Amma bəzən elə epizodlar baş verir ki, başqasına yox, sənə qarşı tam əksi olur. Bu gün biz hakimi fikirləşmirik. İstəmirəm futbolçularımın beynində psixoloji fikir yaransın ki, hakim bizə mane olur. Elə oyunlarımız olub ki, hakim böyük səhvlər edib, biz yenə də öz xarakterimizə görə qalib gəlmişik. İstəmirəm ki, həmişə hakimi məğlubiyyətimizə səbəb göstərək. Hakimlik həyatda ən ciddi, məsuliyyətli işlərdən biridir. Bir epozodda səhv komandanın əziyyətini yox edə bilər. Bəzən elə oyunlar olub ki, bizim xeyrimizə də səhvlər olub. Amma avrokubok oyunlarında səhvlər məndə şübhə yaradır. Çempionatda bu gün məğlub olsan, sabah qalib gəlmək imkanın var. Amma avrokuboklarda kiçik səhv həlledici rol oynayır. Hər bir halda futbolçularıma inanıram. Səfərə ən yaxşı oyunlarımızdan birini oynamağa gedəcəyik. 1/16 finala vəsiqəni təmin etdiyimizə görə arxayınlığımız yoxdur.
- Son dəqiqələrdə bəzi eksperimentlər etdiniz. Düşünmək olar ki, Medinanın oynamamaq ehtimalına görə bu gün müdafiədə bəzi futbolçuları yoxlayırdız?
- Xeyr, eksperiment deyildi. İsmayıl coxdandı oynamırdı, istəyirdim ki, komandanı hiss etsin. Variant o idi ki, Qaranı orda oynadaq. Maksimə istirahət vermək istədim. Oyunun gedişatına uyğun olan dəyişikliklər idi.
- Artıq qış çempionluğunu təmin etdiniz. Demək olar ki, çempionluğun yarısı həll olunub?
- Qətiyyən belə düşünmürəm. Hələ qarşıda çox oyun var. Məndə, komandamda belə bir şey düşünmək yoxdur. Qışda daha yaxşı komanda olmağa hər rəqibin şansı var. Qarşıdakı oyunlara daha da ciddi hazırlaşmalıyıq.
- Canni De Byazi milli komandanın baş məşqçisi postunda qaldı. Cəmiyyətdə belə bir fikir var ki, siz və ya Rəşad Sadıqov millinin baş məşqçisi olmalısız. Yenidən sizə təklif olsa, yığmada işləyərsiz?
- Milli ilə bağlı bir neçə dəfə demişəm ki, hər hansı fikrim yanlışlıq olar. Kazbek Tuayevin müsahibəsini oxudum. Orada Canni De Byazidən başqa heç kimin adı çəkilməyib. Ona görə narahat olmayın. Həqiqətən də millinin uğurlu çıxışını çox istəyirəm. Orta hesabla 30 ildir futbolun içindəyəm. Futboldan başqa heç bir peşəm hazırda yoxdur. Özüm yığmada həm futbolçu, həm baş məşqçi olmuşam. AFFA İcraiyyə Komitəsində yer almışam. Hazırda yalnız futbolu düşünürəm.
saytlarin hazirlanmasi