Filip Ozobiç: "Lex", "Sürix" və "Ferentsvaroş"u təsadüf nəticəsində keçməmişik" - MÜSAHİBƏ

11:17 - 25 Avqust 2022

"Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, "Index"ə müsahibə verən yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməmələrindən və Azərbaycan futbolundan söhbət açıb.

- Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə (1:2, ilk oyun - 0:0) cavab matçında komandanızın yeganə qolunu vurdunuz. Statistikaya görə, komandanız rəqibdən üstün idi, amma bu, nəticədə öz əksini tapmadı...
Bəli, məncə, bu cütün ən yaxşı komanda Çempionlar Liqasından kənarda qaldı. Ancaq “Viktoriya”nın qrupa layiq olmadığını da deməzdim. Onları təbrik etmək lazımdır. Amma hər iki görüşdə biz daha yaxşı tərəf idik. Daha irəli gedə bilmədiyimiz üçün məyus olduq.

- Sizi qarşıda Avropa Liqası gözləyir. Komandanın vəzifəsi nədən ibarətdir?
“Lex”, “Sürix” və “Ferensvaroş”u təsadüf nəticəsində keçməmişik. “Qarabağ” uzun illərdir ki, qruplarda çıxış edir. Ötən mövsüm Konfrans Liqasında pley-offa yüksəldik. İnanırıq ki, Avropa Liqasında bu hədəfə çata bilərik.

- “Qarabağ”ın oyunçuları o qədər də populyar deyil, lakin onlar kifayət qədər yüksək səviyyəli oyunçulardır. Komandanızın gücünü və Azərbaycan çempionatını necə dəyərləndirərdiniz?
İnsanlar burada oynayan futbolçular haqqında çox şey bilmirlər. Yerlilər və legionerlər kifayət qədər keyfiyyətlidir. Nəticələrimiz təsadüfi deyil. Komanda uzun illərdir ki, avrokuboklarda çıxış edir. Çempionatın səviyyəsinə gəlincə, bu, təbii ki, Xorvatiyanın yüksək liqası deyil, ancaq burada da “Qarabağ”, “Neftçi”, “Sabah” kimi klublar oynayır. Həqiqətən yaxşı komandalar var.

- Ötən ildən Azərbaycan millisində çıxış edirsən. Bu, necə baş verdi?
Gördüm ki, Xorvatiya millisinə düşmək şansım yoxdur. 5 il burada qaldıqdan sonra Azərbaycan millisini təklifini qəbul etmək qərarına gəldim. Yığmada tək əcnəbi mən deyiləm, braziliyalı Riçard Almeyda da var.

- “Milliləşdirmə” federasiyasının strategiyasının bir hissəsidir?
AFFA beş il bu ölkədə yaşayan legionerin millini gücləndirə biləcəyini düşünür və ona vətəndaşlıq təklif edilir. Düşünürəm ki, seçimim yerli azarkeşləri sevindirmişdi.

- Azərbaycandakı yaşayışınız necə gedir? Dili bilirsinizmi?
Burada insanların çoxu rus dilində danışır. Ona görə də dil baryeri yoxdur. Bakıya gəlincə, bu, çoxlu yeni tikililəri olan müasir şəhərdir. Yaşamaq üçün çox xoş şəhərdir. Mümkünsə, hamıya bura gəlməyi məsləhət görürəm.

Xəbər xətti