Qələbə hər halıyla gözəldir. Kompliment kimi bir şeydir. Hətta önəmsəmədiyin adamın dilindən eşidəndə belə xoş gəlir ürəyə. Ürək də ki yaman şeydir, Əkrəm Əylisli demişkən. Ürəyə xal düşdüsə, adamı içindən yeyir.
Dünəndən düşünə-düşünə qalmışam ki, millimizin Tacikistanla oyununda gördüklərim nəydi... Ürəyim deyir ki, belə oyunla Litva qarşısına çıxmaq olmaz, ağlım da deyir yoldaşlıq oyunu idi, boş ver. Yəni, yığmamız bu qədər aciz deyil ki, D Liqasında da məzlum görkəm alsın.
Televiziya işçiləri bunu yaxşı bilir, efirə qara fon gedəndə, "rejissor düşüncəsi" adı altında təqdim etmək metodu mövcuddur. Bilərəkdən edilmiş bir şey kimi. Çox inanmaq istəyirəm ki, millimizin oyunu "rejissor düşüncəsi" idi və bizimkilər bilərəkdən çox şey göstərmək istəmədilər.
Millimizin baş məşqçisi Ayxan Abbasovu dindirsək, mümkün uğursuzluqlara yüz səbəb gətirə bilər. İnsafən, haqlı da olar. İllərin geriləməsidir bu, üç-beş günün nəticəsi deyil. Amma ondan gözləntimiz Millətlər Liqasında Litva və Lixtenşteynin də yer aldığı qrupda birinci olmaqdır. Lakin Tacikistanla yoldaşlıq oyununda millimiz o qədər boz göründü ki...
Bir neçə gündən sonra millimizi Litva ilə çətin səfər oyunu gözləyir. "Çətin" sözünü də elə yazıram ki, guya bizimçün nə vaxtsa asan səfər oyunu olub... Ən azından uduzmamaq çox vacibdir. Nə yalan deyim, ümidim Ayxan Abbasovun məşqçilik bacarığınadır. Adam demək olar hər yerdə çətin şərtlər altında çalışıb. Futbolçuların fərdi bacarığına qalsa, yaxşı heç nə olası deyil.
Ayxan Abbasov üçün xoş məqam AFFA-nın baş katibi Cahangir Fərəcullayevin ona olan münasibətidir. Görünən odur ki, Fərəcullayev Ayxan Abbasovun millidə nəticə verməsi üçün hər mənada dəstək durur məşqçiyə. Bu, çox vacib amildir. Uzun illərdən sonra ilk dəfədir ki, millidə hamı bir ələ vurur. Millətlər Liqası başlayır. Çətindir, amma yenə də ümid tükənməz. Qəzamız mübarək!
Emin Abbasov
saytlarin hazirlanmasi
