Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı idmançı "Dana White’s Contender Series"də qüvvəsini sınayacaq. Deyna Uaytın İddiaçılar Seriyasında qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaq.
Nəriman ABŞ-ın Las Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfimə üz-üzə gələcək. Bakı vaxtı ilə sentyabrın 7-də saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. Abbasovla Bonfim ikinci cütdə döyüşəcək.
Qarşılaşmadan öncə çəkiölçmə mərasimi təşkil olunub. Döyüşçülər öncə səhnədə üz-üzə gəlib.
Xatırladaq ki, Nəriman peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 yenilgi var.
