"Müqavilə imzalamağa iki gün qalmış "Qarabağ"la danışıqların hansı mərhələdə olduğunu bilmirdim"

11:19 - 26 Yanvar 2023

"Qarabağ"ın yeni transferi Redon Cici Albaniya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, albaniyalı "Panorama"ya müsahibə verərkən yeni komandasındakı gözləntilərini bölüşüb.

"Mən ölkəyə alışmaq üçün bazar ertəsi bura gəlmişəm. İndiyə qədər hər şey yaxşıdır. Düşünürəm ki, çox tez uyğunlaşacam. Düzünü desəm, müqaviləyə iki gün qalmış özüm də “Qarabağ”la danışıqların hansı mərhələdə olduğunu bilmirdim. “Tirana”nın matçı günü (21 yanvar) mənə hər şeyin həll olunduğunu bildirdilər".

Hücumçu “Tirana” ilə vidalaşma anlarını belə şərh edib: "Ola bilsin ki, komandanın bombardiri getdiyi üçün bir az üzülüblər. Amma bəlkə də sevinirdilər ki, komandaya gəlir gətirəcəm, həm də xaricdə özümü sınayım, irəliyə addım atacam. “Tirana” ilə çempion olduq, Superkuboku aldıq, çox qol vurdum. Mən orada inanılmaz dərəcədə xoşbəxt idim və komanda üçün darıxacam, çünki sadəcə dost yox, həm də ailə olduq. Şəhər üçün də darıxacam. Amma burada mümkün qədər tez uyğunlaşmağa çalışacam".

Cici Albaniya klubunun baş məşqçisinin ona dediklərini belə xatırlayıb: "Tirana”da hər kəs mənim adıma xoşbəxt idi, hətta məşqçi ilə son gündə görüşdüm. Hamı sevindi və mənə ən xoş arzularını bildirdi. Məşqçi mənə dedi ki, “get, sənə uğurlar arzulayıram, uzun illər Albaniyaya qayıtma. Əlavə elədi ki, Albaniyaya karyeranın sonlarında qayıdarsan. Komandadakı uşaqlar da xoşbəxt idilər. Onların və məşqçinin sayəsində bu transfer baş tutdu, çünki onlar da öz yardımlarını göstərdilər. Onlar olmasaydı, mən bu qədər yaxşı iş görməzdim, məni görməzdilər və müqavilə imzalamaq istəməzdilər".

Albaniyalı “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla görüşmədiyini qeyd edib: “Qarabağ”ın idman direktoru və digər əməkdaşlar məni çox yaxşı qarşıladılar, azarkeşlər də çox mesaj göndərdi. Amma baş məşqçi və futbolçularla görüşməmişəm. Çünki onlar şəhərdə deyildilər, komandanın oyunu var idi. “Qarabağ” Konfrans Liqasında oynayır və buna görə sevinirəm. Ümid edirəm ki, qol vurub eyni ruhda davam edəcəm”.

O, uzun illər "Qarabağ" forması geyinmiş Ansi Aqoli ilə danışdığını da deyib:  “Bəli, bazar ertəsi Aqolli ilə danışdım. Söhbət çox da uzun olmadı. O, məni təbrik etdi və bir neçə məsləhət verdi. Ümid edirəm ki, adımı klubun tarixinə yazdıracam. Burada gördüyüm qədər, Aqolli klub əfsanəsi hesab edilir”.

"Qarabağ”la “Tirana”nın oxşar xüsusiyyətlərindən danışan Cicanın məsələ haqda fikri qısa olub: “Oyun tərzində o qədər də fərq yoxdur. Ona görə də ümid edirəm ki, yeni komandaya çox tez uyğunlaşacam".

Sonda isə Redon ailəsinin bu transferə münasibətini belə olduğunu bildirib: "Mən Albaniyadan ayrılarkən gözlədiyimiz günün gəlib çatmasına sevindilər. Baxmayaraq ki, eyni zamanda hər gün evdə olmayacağım üçün üzülürəm. Amma bu futboldur, indi mən həyat yolu ilə gedirəm və davam edəcəm".

Mirbağırağa

Xəbər xətti