Mahir Emreli: "Baş məşqçi bu barədə mənimlə danışır"

12:30 - 4 Aprel 2023

"Konyaspor"un azərbaycanlı hücumçusu Mahir Emreli Türkiyə Superliqasının 27-ci turunda "Ümraniyespor"la (2:2) matç haqda fikirlərini bildirib.

Sportal.az "Konya TV"yə istinadən xəbər verir ki, Emreli komandadakı durumu haqda da danışıb:

"Hər iki komanda üçün ədalətli nəticə oldu. Qarşılaşmanın son dəqiqələri həyəcanlı keçdi, qollar vuruldu. İstanbulda üç xal qazanmaq istəyirdik. Amma alınmadı. Ən azından son dəqiqələrdə qol vuraraq bir xal götürdük. Buna sevinməyə dəyər. Milli komandalara görə yaranmış fasilədən sonra oyunlara bərpa olunmaq həmişə asan deyil. Ümid edirəm ki, növbəti matçda üç xal qazanacağıq.

Meydandakı mövqeyimə gəlincə, baş məşqçi məni hansı mövqedə oynadarsa, orada da oynamağa hazıram. Baş məşqçi bu barədə mənimlə danışır və hücumdakı mövqeyimi bilir. Məni sağ cinahda oynadırsa, demək ki, orada görür. Qol vurmağımız üçün komandaya daha çox kömək etmək istəyirəm".

Xəbər xətti