"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən yoxlama görüşündən (4:2) sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sportal.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ”a qarşı oyun sizin üçün necə alındı?
- Futbolçuların çıxışından razı qaldım. Yoldaşlıq görüşü üçün maraqlı və baxımlı futbol alındı. Hər iki komandanın futbolçuları çox istəkli idi. Yaxşı yükləmə oldu. Futbolçularımız oyundan tam faydalana bildilər. Son altı günümüz var. İlk oyunumuz “Araz-Naxçıvan”a qarşıdır. Çalışacağıq ki, həmin günə qədər komandamız tam yaxşı formada olsun. Amma komandamız tam formaya düşmək üçün 3-4 rəsmi oyuna ehtiyacımız var.
- Gənc oyunçulara da şans verdiniz. Onlardan razı qaldınız?
- Onlar tez-tez düşərgəmizdə olurlar. Sadəcə rəsmi matçlarda oynamaq imkanı alınmır. Amma belə yoldaşlıq oyunlarda hər fürsətdə onlara şans yaradır ki, özlərinə inamı artırsınlar, əsas komandaya adaptasiya olsunlar. Özlərindən asılıdır.
- Həm siz, həm də rəqib 8 legioner 3 yerli ilə oynadınız. Sırf təsadüf idi?
- Çempionat öncəsi tam heyətimiz formalaşmayıb. Zədəlilər var, daha çox oynamağa ehtiyacı olan oyunçular var. Ona görə də limitə o qədər də önəm vermirdik. Amma çempionat oyununa yaxın əsas heyəti qərarlaşdıracağıq. Bizim üçün sonradan meydana daxil olacaq futbolçular da çox önəmlidir. Çalışacağıq ki, həmin günü həm ideal əsas heyəti, həm də sonradan oyuna daxil olacaq futbolçular ən yaxşı oyunlarını göstərsinlər.
- Mövsümün ikinci hissəsi başlayır. Gözləntiləriniz nədir?
- Təbii olaraq ki, istəyirik avrokuboklara düşək. Bu mövsüm çempionat daha rəqabətlidir. 6-7 komanda daha çox üç yer uğrunda mübarizə aparacaqlar. “Qarabağ” çempionluğa əsas favoritdir. Bizi gərgin və maraqlı yarış gözləyir.
- AFFA-nın legioner limitini ləğv edəcəyi ilə bağlı çıxan xəbərlərə münasibətiniz necədir?
Rəsmi qərar və fikir yoxdur ki, onu şərh edim. Mənim işim məşqçilikdir. Limiti də təhlil etməmişəm ki, 7 olsa, 8 olsa, Azərbaycan futbolu üçün necə olar. Ona görə də dolğun cavab verə bilmirəm. Məni məşqçi olaraq daha çox özümə aid olan işlər maraqlandırır. Nə qərar olsa, biz də ona uyğunlaşacağıq.
- Bu gün “TRT Spor” “Kocaelispor”un tarixinin ən yaxşı legionerlərindən ibarət simvolik heyəti paylaşıb. O siyahıda siz də varsınız...
- Təbii ki, xoşdur, qürurvericidir. Lap əsas heyət olmasın, “20lik” olsun, lap səni xatırlayırlarsa, xoşdur. Orada cəmi altı ay çıxış etmişəm. İndi də xatırlayırlarsa, xoşdur, qüruruvericidir.
- Hazırlıq prosesinin vaxtı sizi qane etdi?
- Xeyr, qane etmədi. Mən ya ayyarım fasilə, maksimum üç həftəlik fasilənin tərəfdarıyam. Çünki bir ay tam ortada qalırsan. Nə futbolçulara düz-əməlli istirahət verə bilirsən, nə də hazırlaşa bilirsən. Amma şərtlər hamı üçün eynidir. Bizim üçün bəhanə olmayacaq. Vəziyyətdən maksimum uğurlu çıxmaq istəyirik.
- Sizcə, avrokuboklara yollanmaqda ötrü minimum nə qədər xala ehtiyac olacaq?
- Maraqlı sualdır. Adətən baxırdın ki, 60 xal “üçlüy”ü göstərirdi. Ötən mövsüm rəqabət yüksək oldu. 58 xal da ikinciliyə kifayət etdi. Bu mövsüm bir az fərqlidir. “Araz-Naxçıvan”, “Turan Tovuz” çox xal toplayıb. Keçmiş illərdə ilk dövrədən sonra 28-30 xal yaxşı göstərici sayılırdısa... Ötən mövsüm 29 xal yığdıq və sonda ikinci yeri tutmağa kifayət etdi. Bu mövsüm 30 xal yığmışıq və üçlüyə düşə bilməmişik. Bu mövsümün kriteriyası fərqlidir. Ona görə əvvəlcədən proqnoz vermək olmur.
Mirbağırağa
saytlarin hazirlanmasi