Toral Bayramov: "Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir"

15:22 - 15 İyul 2025

"Qarabağ"ın müdafiəçisi Toral Bayramov Avstriyada təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib.

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu klubun rəsmi saytına verdiyi açıqlamasında komandasının hazırlıq prosesindən bəhs edib: 

"Yeni mövsüm üçün hazırlığımız yaxşı səviyyədə keçir. Bakıdan sonra indi də Avstriyada hamı canla-başla çalışır, verilən tapşırıqları yerinə yetirir. Komanda şəklində çatışmayan cəhətlərin üzərində işləyirik. Daha yaxşı forma yığmağa çalışırıq. Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Bakıda bir, Avstriyada üç yoxlama oyunu keçirmişik. Bu gün isə son yoxlama matçında “Zalsburq”la qarşılaşacağıq. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.

O, bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış etmək istədiklərini deyib: "Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.

Xəbər xətti