PFL-in tədbirindən FOTOLAR

19:40 - 27 Oktyabr 2025

Bu gün “Ritz Carlton” otelinin “Şuşa” zalında Peşəkar Futbol Liqası (PFL) və “Avrora Qrup”un “Bizon” brendi arasında rəsmi sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, mühüm tədbirdə PFL prezidenti Elxan Səmədov, “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov, baş icraçı direktoru İlham Marufov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, hər iki qurumun rəsmiləri, futbol ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan aparıcı İsmayıl Abdullayev hər iki qurum haqqında məlumat verib. Ardınca “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov çıxış edib. “Bizon” brendi haqqında ətraflı məlumat verən Abbasov müqavilənin əhəmiyyətindən danışıb, milli brend olaraq “Bizon” üçün Azərbaycan futbolunun dəyərindən söz açıb. Daha sonra PFL-in media və marketinq direktoru Sənan Abdullayev əməkdaşlığa gedən yoldan, hər iki tərəf üçün müqavilənin vacibliyindən bəhs edib. Son illər genişlənərək 34 komanda arasında keçirilən, bütün ölkəni əhatə edən Azərbaycan Kubokunun kütləvilik baxımından xüsusi seçildiyi vurğulanıb.

Ardınca müqavilənin imzalanma mərasimi baş tutub. Anlaşmaya əsasən, “Bizon” brendi Azərbaycan Kubokunun rəsmi titul sponsoru olaraq turnirin maliyyə dəstəklənməsində iştirak edəcək və yarış bundan sonra “Bizon Azərbaycan Kuboku” adı ilə keçiriləcək. PFL isə öz növbəsində sponsorun reklam və tanıdılma imkanlarını təmin edəcək. Bu müqavilə ilə futbol üzrə Azərbaycan Kubokuna uzun müddət sonra baş sponsor dəstəyi qayıtmış olub. 


Xəbər xətti