"İnanmıram ki, "Atletik"ə məğubiyyətdən sonra "Qarabağ"da eniş yaşansın"

14:22 - 26 Oktyabr 2025

"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev Sportal.az saytına açıqlama verib.

O, Ağdam klubunun Çempionlar Liqasının 3-cü turunda “Atletik”ə(3:1) məğlubiyyətini şərh edib:

"Əlbəttə ki, Bilbaoda "Qarabağ"dan qələbə, ən pis halda heç-heçə gözləyirdim. Doğrudur, ağır olacağı dəqiq idi. Çünki "Atletik" evdə oynayırdı, güclü dəstəyi var idi. Çempionlar Liqasında 2 ardıcıl məğlubiyyətdən sonra, qalib gəlmək istəyəcəkdilər. Gözəl, maraqlı oyun oldu. Hesab 2:1 olarkən, Aleksey Kaşukun zərbəsi zamanı “Atletik”in müdafiəçisi topu boş qapıdan çıxarmasaydı, matç 2:2 də bitə bilərdi. "Qarabağ" bir xal qazanacaqdı. Bu matçda komnadamızın bəxti gətirmədi".

İmaməliyevin fikrincə, Azərbaycan çempionu qarşıdakı matçlarda yenə də xallar qazana bilər:

"İnanmıram ki, “Atletik”ə məğlubiyyətdən sonra “Qarabağ”da eniş olsun. Oyuna baxıb, analiz edəcəklər, səhvlərindən nəticə çıxarıb “Çelsi” ilə matça hazırlaşacaqlar. Bu oyunda da mübarizə aparacaqlar. “Qarabağ”a inam hər zaman var. Çünki komanda rəqibindən asılı olmayaraq, daim öz oyununu oynamağa çalışırlar. “Çelsi” də çox yaxşı durumdadır. Ağır oyun olacaq. “Qarabağ” ən azından layiqli oyun sərgiləyəcək. Buna şübhə etmirəm. Şəxsən mən inanıram ki, “Qarabağ” evdə “Çelsi”dən bir xal götürə biləcək”.

Mirbağırağa
 

Xəbər xətti