Hər iki tərəf narazı, yaxşı gəlmir hakimlərin avazı - Elmar Baxşıyev bir-iki kəlmə deyib getdi

12:38 - 26 Oktyabr 2025

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev azdanışan adamdır. "Sabah"la oyundan sonra da çox danışmayıb, bir-iki kəlmə deyib gedib. Amma elə deyib ki, açıqlaması bir-iki kəlməyə sığmır... 

Elmar Baxşıyev fikirlərini bir az qarışıq ifadə eləsə də, sözündən belə çıxıb ki, ölkədə hakimlər 2-3 klubun maraqlarına xidmət eləyir, onların iddialarına uyğun yorumlanır mübahisəli epizodlar. Ad çəkməsə də, "Sabah"a eyham vurduğunu anlamaq üçün dahi olmağa ehtiyac yoxdur. 

Halbuki, "Sabah" özü də narazıdır hakimlikdən. Matçın son saniyələrində "Sabah"ın qapısına təyin olunan cərimə zərbəsi hiddətləndirib onları. Çünki Mikels topu birinci götürür, sonra rəqib futbolçuyla toqquşurlar. Görünən odur ki, Ülvi İsgəndərov özü çırpılır Mikelsə. Həmin cərimə zərbəsindən sonra da, "Araz-Naxçıvan" bərabərlik qolunu vurur. 

Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev də onların qapısına verilən penaltini absurd qərar sayır. Belə əl toxunuşlarına görə penalti verilməsini qəbul etmir. 

Qəribə vəziyyət yaranıb. Bəziləri açıq-açığına, bəziləri də altdan-altdan hakimlərin "Sabah"a işlədiyini danışırlar. Reallıqda belə deyil. Çünki ayrı-ayrı epizodları incələyəndə, hakim səhvləri ilə ən çox üzləşən komandalardan biri elə "Sabah"dır. 

Amma "Sabah" özü-özünü bu vəziyyətə salıb. Ümumiyyətlə bir klub rəhbərliyinin ölkə futbolunu idarə etməsi heç bir baxımdan doğru deyil. Digər klublar da vəzifə bölgüsünün kim tərəfindən aparılmasını, əksər postlara təyinatların haradan gerçəkləşdiyini yaxşı bilirlər. Bu adamların sübutsuz-dəlilsiz Rauf Allahverdiyevi hakimlikdən uzaqlaşdırması da, onlara qarşı neqativ yaradıb. Qısası, "Sabah" rəhbərliyi və onlara yaxın adamlar AFFA-da idarəedici postları tutduğu müddətdə haqlı və ya haqsız bu söhbətlər bitməyəcək. 

Hakimliyə gəlincə, mənzərə çox biabırçıdır. Sanki hakimlər başlarını itiriblər. Hərə öz bildiyi, öz düşündüyü kimi idarə edir oyunları. Vahid standartlar itib. De Blekerin də hakimlərin qərarlarını "malalamaqdan" başqa əlindən bir şey gəlmir. 

Həmid

Xəbər xətti