Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.
Bu təyinatdan sonra "Səbail" klubunun gələcəyi ilə bağlı da suallar ortaya çıxıb. Yarandığı gündən bəri ASCO-nun maliyyə dəstəyi ilə ayaqda qalan klub son zamanlar sponsorsuz fəaliyyət göstərir. Klub I Liqaya yuvarlanandan sonra ASCO-nun sabiq rəhbəri Rauf Vəliyev "Səbail"ə maliyyə ayırmaqdan imtina edib.
Təsisçilik və maliyyəşmə məsələsinə aydınlıq gətirmək üçün "Səbail"in mətbuat xidmətinə müraciət etdik. Sportal.az saytına açıqlama verən Rəşad Məmmədov klubun strukturu, ASCO ilə əlaqələr və s. məsələlərə aydınlıq gətirdi:
"İlk növbədə bildirim ki, ASCO heç vaxt "Səbail"in təsisçisi olmayıb. Klubumuzun təsisçisi Sahə Futbol Federasiyaları və Regional Futbol Federasiyaları idi. Sonradan UEFA-nın qaydalarındakı dəyişikliklərə əsasən, hər iki qurum təsisçilikdən çıxarıldı və klubda İdarə Heyəti yarandı. Hal-hazırda İdarə Heyətinin sədri Firuz Qarayev, üzvləri isə veteran futbolçu Əbdülqəni Nurməmmədov və klubun idman direktoru Zamiq Hüseynovdur.
ASCO ilə bağlantıya gəlincə, bu qurum "Səbail"in baş sponsoru olub. Bu əməkdaşlıq çərçivəsində bir neçə ASCO rəsmisi Müşahidə Şurasında yer alıb. Ötən mövsümün sonunda baş sponsorluq müqaviləsi başa çatdığı üçün hal-hazırda onların heç bir nümayəndəsi klubda təmsil olunmur.
Əfqan Cəlilov yeni təyinat alıb. Hələ ki ASCO-dan bizimlə əməkdaşlıqla bağlı əlaqə saxlayan olmayıb. Ümid edirik ki, qurumun yeni rəhbərliyi də futbola diqqətlə yanaşacaq. Çox istərdik ki, ASCO ilə əməkdaşlığımız davam etsin".
saytlarin hazirlanmasi
