21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Baş məşqçi Rəşad Eyubov matçdan sonra Sportal.az saytına müsahibə verib:
- Taktiki baxımdan oyundan razı qaldım. Qısa müddətdə uşaqlar taktikanı yaxşı başa düşdülər. Tapşırıqları meydanda yerinə yetirməyə çalışdılar.
- Toplanışın əsas məqsədi nədir?
- Burda olanlar milliyə namizəd oyunçulardır. Onları daim izləyirik. Bəzi futbolçuları yaxından görmək istəyirdik. Bizim üçün oyunçular haqda yetərincə məlumat yığmaq lazımdır.
- Əvəzedicilər liqasında oynayan futbolçular milliyə nə dərəcədə fayda verə bilər?
- Hər şeyi problem adlandırsaq, düzgün olmaz. Reallıq budur. Biz bu reallığı effektiv dəyərləndirməliyik. Əvəzedicilər liqasını izləyirəm. Orada olan intensivlik, temp bizə güvən vermir. Beynəlxalq oyunlarda çətinlik çəkirik. İstərdim ki, Əvəzedicilər liqası yüksək səviyyədə keçsin. Bizim üçün I Liqa çox önəmlidir. Bu il orada rəqabət və temp var. I Liqada oynayan futbolçulara güvənirik. İstərdim ki, gənc oyunçular I Liqada çıxış edib praktika toplasınlar.
- Legioner həyatı yaşayan futbolçuların səviyyəsi necədir?
- Elyas, Raul və Səttar texniki cəhətdən bir az fərqlidirlər.
- Elyas Bağcının Azərbaycanla bağlılığı var? Onu milliyə dəvət etməyinizin səbəbi nədir?
- Onun situasiyası bir az fərqlidir. Özü Azərbaycan millisində oynamaq istəyib, biz də istəmişik.
- Türkiyə yığmasında şans qazanmadığı üçün Azərbaycanı seçdi?
- Yox. Türkiyə millisində oynayırdı. İndi də rahat oynaya bilər. Sadəcə özü belə istədi. Bizə təklif olundu, oyunlarına baxdıq və toplanışa dəvət etdik.
- Portuqaliya ilə seçmə mərhələ oyunu üçün xüsusi hazırlığınız olacaq?
- Reallıq elədir ki, biz öz oyun planımızı rəqibə görə qurmalıyıq. Rəqibi yaxşı təhlil etməliyik.
saytlarin hazirlanmasi
