Ayxan Abbasov yaxşı məşqçidir. Ən azından klub səviyyəsində. "Sumqayıt"da və "Şamaxı"da yaxşı işlər görüb. Berdiyevin oynatdığı futbolu görəndə, Abbasovun onunla müqayisədə Tovuz klubunda daha yaxşı komanda qurduğunu deməliyik.
Belə baxanda milli komandada da pis işləmir. Yığmanın oyununda nəzərəçarpacaq irəliləyiş olmasa da, əldə olan futbolçularla nəsə eləmək cəhdi görünür. Abbasovun bir ciddi problemi var, o da xarakteridir. Bəzən hisslərinə yenik düşür, danışmalı olmadığını dilə gətirir. Elə fikirləri var ki, haqsız deyil. Amma nə ehtiyac...
Bu illər ərzində əvvəl çalışdığı klubların rəhbərləri Riad Rəfiyevlə Ehtiram Quliyevin ünvanına söz atmaqla məşğul idi. Sonra bir az da irəli gedərək PFL-ə qarşı danışmağa başladı. Elxan Səmədovun rəhbərlik etdiyi qurumu AFFA-nın baş katibi Cahangir Fərəcullayevin işarəsi ilə hədəfə gətirdiyini iddia edənlər də var. Bu barədə əminliklə nəsə demək olmur, amma adama təəccüblü gəlir. Ayxan Abbasov birdən-birə niyə PFL-in işində nöqsan axtarsın ki? Baş məşqçidir, başını aşağı salıb işini görsəydi, daha yaxşı!
Ayxan Abbasov yenə də fikirləriylə gündəmə gəlib. CBC Sport-da qonaq olan Ayxan bəy, Rəvan Mirzəmmədovun milliyə çağırılmasını qınayanların xarakterində problem olduğunu deyib. Birincisi, bu mövzunun iki başı var, Abbasov birini görməzdən gəlir. Mətbuat ilk növbədə bu mövsüm Premyer Liqanın bütün matçlarında meydana çıxan Səlahət Ağayevin milliyə çağrılmamasını qınamışdı. Hətta "Qəbələ"nin qapıçısı özü də bu mövzuda danışarkən, ciddi ittihamlar səsləndimişdi. Milliyə dəvət almamasını futboldan kənar səbəblərə bağlamışdı.
Gənc Mirzəmmədova gəlincə, karyerası ərzində Premyer Liqada vur-tut 3 oyunda meydana çıxan, ciddi klub təcrübəsi olmayan adamın Səlahətin yerinə milliyə cəlb olunmasına nə ehtiyac var idi ki? Məgər, milli oyunçu yetişdirmək yeridir? Futbolçu klubda yetişməli, millidə bacarığını nümayiş etdirməlidir. Ayxan Abbasov hələ də klub təfəkküründən çıxa bilməyib deyəsən. O ki qaldı xarakter məsələsinə, öz gözündə fili görməyən Abbasov, mətbuatda qarışqa axtarmasın!
Həmid
saytlarin hazirlanmasi
