“İmişli” nə etmək istədiyi bir yana, artıq nə etdiyini də bilmir.
İnzibati heyətdən iki nəfər bugünlərdə işdən çıxmışdı/çıxarılmışdı.
Cəmi 7 tur sonra baş məşqçi ilə də yollar ayrıldı.
Niyə?
Fərid Namazov nə yatdı ki, nə yuxu görsün…
4 xalla 12 klub arasında 9-cu yer. Riskli sayıla bilər, ancaq “İmişli” niyə riskli zonada var-gəl etməsin ki?
Nəyə əsasən?
Stadion tikintisi haqda açılqlamalar olsa da, real addımlar yox, akademiyalaşma yox, klubun yenilik etdiyinə dair məlumat yox.
Bəs bu nə iddia?
İddialı olmaq pakizədir, lakin hər bir işin bir əsası da olmalıdır.
Yox?
Ötən il APL-də qalmağı bacaran komanda minimum hədəfə nail olmuşdu.
Kaşkilya göndərildi.
Yerli məşqçi, fərqli, daha konservativ fəlsəfə deyib, anlamağa çalışdıq. Lakin onunla da yollar belə ayrıldı.
“Qarabağ”a 0:2 hesablı məğlubiyyətdən sonra…
Halbuki həm bu oyunda, həm ümumən “İmişli”nin futbolunda müəyyən pozitiv cizgilər, sistem sezilirdi.
Növbəti tur “Turan Tovuz”la qarşılaşacaq. Sonra “Şamaxı” və “Kəpəz”lə oyunlar…
Çox ağır qrafik sayılmaz. Bu ərəfədə məşqçi dəyişikliyinə getməyin məna və məzmunu nədir?
Klub rəhbərliyi seçimində yanlış etdiyini bilərəkdən/bilməyərəkdən etiraf edir (?).
Hədəf, məqsəd nədir? Avrokubok zonasına düşmək?
Bu heyətlə ora düşmək mümkün olmayacaq. Orta sıralarda qərarlaşmaq olar, amma o səviyyədə rəqabət üçün resurs yoxdur, qalmışdı hansısa baş məşqçi dəyişikliyi ilə nəyisə köklü dəyişmək.
O zaman sualı təkrarlayaq: baş məşqçi niyə göndərildi?
Yazı bitdi, ancaq bilmirəm bu anlaşılmazlığa, məzmunsuzluğa nə başlıq qoyum.
Futbolpress.az
saytlarin hazirlanmasi
