"İngiltərə komandalarına qarşı matçlar mənim üçün xüsusi təcrübə oldu" - Qurban Qurbanov

02:40 - 25 Fevral 2026

"Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsində cavab matçına çıxıb. Azərbaycan çempionu İngiltərədə "Nyukasl"ın qonağı olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2:3 hesabı ilə məğlub olaraq liqada mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi".

Çempionlar Liqasındakı ümumi çıxışla bağlı Qurbanov qeyd edib ki, hər oyun böyük təcrübə idi:

“Böyük klublara qarşı oynadıq. Xüsusilə İngiltərə komandalarına qarşı matçlar mənim üçün xüsusi təcrübə oldu. İngiltərə futbolu Avropa futbolundan fərqlənir. Futbolçular həm fiziki, həm də mənəvi cəhətdən yorulublar, bəzi oyunlarda ciddi zərbələr aldıq. Amma qarşımızda həmişə maksimum hədəf var idi.”

Taktiki məsələlərə toxunan məşqçi bildirib ki, bəzi rəqiblərə qarşı beş müdafiəçi ilə oynamaq məcburiyyətində qalıblar:

“Rəqib həm topla yaxşıdır, həm fiziki, həm də taktiki cəhətdən güclüdür. Buna görə boşluqları bağlamaq üçün bu sistemi seçdik. Amma ümumilikdə öz oyun sistemimizə sadiq qalmaq istəyirik.”

Standart vəziyyətlərdə çətinliklərlə bağlı isə belə deyib:

“Müasir futbolda standartlar qələbənin təxminən 30 faizidir. Rəqib bu komponentdə çox güclüdür, fərqli şəkildə yerinə yetirirlər, hündürboy futbolçuları var. Biz təkcə bu komponentdə yox, ümumilikdə Avropa və İngiltərə futbolunun strukturundan geri qalırıq. Onlar çox sürətlə inkişaf edirlər. Amma biz də inkişaf etmək və daha güclü olmaq istəyirik.”

Qurbanovun sözlərindən hiss olunur ki, nəticəyə baxmayaraq, komanda bu mərhələni təcrübə və inkişaf baxımından vacib addım kimi qiymətləndirir.

Xəbər xətti