"Bunlar həyatımın ən ağır günləridir" - həyatını itirən Xesus de Migellə toqquşan qolkiper

23:19 - 4 Noyabr 2026

“Andorra” klubu qapıçısı Xesus Ovononun “Tenerife”nin futbolçusu Xesus de Migellə toqquşması və nəticədə hücumçunun həyatını itirməsi ilə bağlı açıqlamasını yayımlayıb.

Sportal.az xəbər verir ki, İspaniya Sequndasının 12-ci turunda “Tenerife” və “Andorra” arasında keçirilən (2:2) qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə Ovono meydanın mərkəzində de Migeli yerə yıxıb və dərhal qırmızı vərəqə ilə meydandan qovulub.

Huşunu itirən hücumçu meydanda hərəkətsiz vəziyyətdə qalıb. Daha sonra o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. KİV-in məlumatına görə, futbolçunun ürək fəaliyyəti və tənəffüsü təxminən 20 dəqiqə ərzində dayanıb. De Migel noyabrın 3-də səhər saatlarında vəfat edib.

“Bunlar həyatımın ən ağır günləridir. Baş verənləri sözlə ifadə etmək və anlamaq mənim üçün olduqca çətindir. Xesusun vəfatı mənə dərin ağrı yaşadır. Onu, ailəsini və onu sevən hər kəsi düşünürəm. Bilirəm ki, qarşıda aydınlaşdırılmalı bir çox məsələ var və bütün nəticələri hörmətlə qəbul edəcəyəm. Amma düzünü desəm, hazırda Xesusdan və yaşadığımız bu böyük kədərdən başqa heç nə haqqında düşünə bilmirəm. Rahat yat, Xesus”, – deyə Ovono bildirib.

Qapıçının açıqlamasını “Andorra” klubunun mətbuat xidməti yayıb.

Xəbər xətti