"Şaxtyor" UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turunda Portuqaliyanın "Sportinq" klubuna 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, Ukrayna təmsilçisinin baş məşqçisi Arda Turan qarşılaşmadan sonra açıqlama verib. Türkiyəli mütəxəssis italiyalı hakimlərin komandasının penaltisini vermədiyini deyib:
"Əvvəla, qələbə münasibətilə "Sportinq"i təbrik edirəm. Həmişə dediyim kimi, əgər rəqib sizi məğlub edirsə, deməli, onlar müəyyən aspektlərdə sizdən daha yaxşı çıxış ediblər. Oyunumuzda kifayət qədər müsbət məqamlar var idi. Qələbə qazanmaq üçün kifayət qədər yaxşı oynadıqmı? Bilmirəm, amma məğlubiyyətə layiq olacaq dərəcədə pis oynadığımızı düşünmürəm.
Hesab edirəm ki, "Sportinq" - "Qalatasaray" matçında VAR hakimləri portuqaliyalıların xeyrinə penalti təyin etmək üçün fürsət axtarırdılar. Onlar təmasın şiddətini qiymətləndirərək, bunun penalti təyin etmək üçün kifayət olub-olmadığını müəyyənləşdirməyə çalışırdılar. Bizim oyunda isə, fikrimcə, eyni məqamı qiymətləndirərkən, onlar penalti təyin etməmək üçün bəhanə axtarırdılar. İkimiz də bilirik ki, bu, penaltidir. Onlar da bunu bilirlər.
Amma mənə elə gəlir ki, italyan hakimlər hər şeyi bildiklərini düşünürlər. Mən bunu dəyişə bilmərəm. Belə ədalətsizliklərə verdiyim reaksiyalara görə bir neçə dəfə ağır cəza almışam. Bunun mənim üçün ciddi nəticələri olub. Məhz buna görə də, bütün enerjimi həmişə meydanda baş verənlərə yönəltməyə çalışacağam. Yəni, necə baxırsınızsa baxın, bu, çox ağrılıdır. Düzünü desəm, onlar utanmalıdırlar".
saytlarin hazirlanmasi
