UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsində "Sabah" səfərdə Norveçin "Vikinq" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:
"Bu, cari mövsüm Çempionlar Liqasında süni örtüklü meydançada keçirəcəyimiz üçüncü oyun olacaq. Daha əvvəl Uels və Finlandiyada belə meydançalarda oynamışıq və hər iki qarşılaşmada qalib gəlmişik. Burada da eyni nəticəni əldə etməyə çalışacağıq. Əlbəttə, "Vikinq"in bizdən əvvəl necə çıxış etdiyini yaxşı bilirik. Onların bütün oyunlarını izləmişik. "Bavariya"nın da burada çətinlik çəkdiyini görmüşük. Əgər UEFA və FIFA belə örtüklü meydançalarda oynamağa icazə verirsə, biz də bu qaydalara əməl edirik.
Düşünürəm ki, meydançanın örtüyü qalibi müəyyənləşdirən əsas amil olmayacaq. Taktika, texnika, psixoloji hazırlıq və stadiondakı atmosfer daha böyük rol oynayacaq. Zədələrə gəlincə, belə gərgin oyun qrafikində bu cür hallar qaçılmazdır. Son 28 gün ərzində 8 oyun keçirmiş olacağıq. Bu, heç də asan deyil. Lakin hər bir futbolçu mənim oyunçularımın yerində olmaq və Çempionlar Liqasında çıxış etmək istəyərdi. Eyni zamanda, bəzi məşqçilər də bizim yerimizdə olmağı arzulayardı.
Norveçə 23 hazır futbolçu gətirmişik. Lakin onlardan bəziləri ilə bağlı yekun qərarı axşam məşqindən sonra verəcəyəm. Bir neçə gün əvvəl qatarla 6 saat yol qət edərək çətin bir oyun keçirdik, daha sonra isə evə qayıtmaq üçün yenidən 6 saat yol getdik. Dünən Norveçə 5 saatlıq uçuşla gəldik. Bütün bunlardan sonra bərpa olunmaq çətindir. Futbolçuların məşqlərə və oyuna tam hazır olmasına xüsusi diqqət yetirməliyik. Rəqibi təhlil etmişik və Norveç çempionatında rəqabətin necə olduğunu görürük".
saytlarin hazirlanmasi
