"Sabah"ın prezidenti Maqsud Adıgözəlov “Sport Ekspress” nəşrinə müsahibə verib.
Sportal.az xəbər verir ki, klub rəhbəri “Krasnodar”ın hazırkı baş məşqçisi Murad Musayevin “Sabah”da gördüyü işlərdən danışıb. Bununla yanaşı, rusiyalı mütəxəssisin ölkə xaricinə yollanaraq işləməsini şərh edib:
“Məncə, bu, tam olaraq komfort zonasından çıxmaq deyildi. Hər şeydən əvvəl ona görə ki, o, insanların 80 faizinin sənin dilində danışdığı bir ölkəyə gəlmişdi. Bundan əlavə, Muradın kökləri Özbəkistanın Buxara şəhərindəndir. O, şərq insanıdır və özünə yad olmayan bir mühitə düşmüşdü. Aramızda ilk gündən yaxşı uyğunlaşma yarandı. Əlbəttə, uğurun hazır resepti yoxdur. Amma onun əldə olunması üçün müəyyən vasitələr və ilkin şərtlər var. Bunun üçün eyni düşüncəyə malik insanlar bir araya gəlməlidir. Biz də belə idik.
Biz başa düşürdük ki, Muradın oyun sistemi ilə “Sabah” meydanda yüksək mövqedə çıxış edəcək. Buna görə də mərkəz müdafiəçilərimiz sürətli olmalı idi.
Yadımdadır, ilk mövsümdə aramızda söhbət oldu və ona dedik ki, bəlkə də nəticələrə müəyyən qədər zərər vurmaq bahasına olsa belə, klubun özünəməxsus DNT-sini formalaşdırmaq istəyirik. İstəyirdik ki, hamı bilsin: “Sabah” hansı rəngli formada meydana çıxmasından asılı olmayaraq, onu oyun üslubuna görə tanımaq mümkün olsun.
Həmin vaxt Musayevin qarşısına heç bir turnir hədəfi qoyulmamışdı. Ondan yalnız hücumameyilli futbol qurmaq tələb olunurdu. Bu da onun həmişə oynatdığı futbol idi. Onun əlində plastilin var idi və istədiyini, sevdiyini yaratmaq imkanı verilmişdi. O, həqiqətən də hibrid sxem qurmuşdu. Müdafiə olunarkən dördlü müdafiə xətti ilə oynayırdıq. Hücuma keçəndə isə cinah müdafiəçilərindən biri çox irəli qalxır, arxada üç müdafiəçi qalırdı. Bu sistem də işləyirdi. Murad danışırdı ki, “Sabah”da qazandığı həmin təcrübədən “Krasnodar”a qayıtdıqdan sonra da istifadə edib. Bildiyimə görə, hətta “Sabah”ın oyunlarından epizodları nümunə kimi “Krasnodar”ın futbolçularına göstərirmiş (gülür)”.
Adıgözəlov, Musayevlə indi də əlaqədə olduğunu və dostluq münasibətlərini qoruduqlarını söyləyib: “Əlbəttə, danışırıq. Hər uğurlu oyundan, qələbədən və nailiyyətdən sonra bir-birimizi təbrik edirik”.
Qeyd edək ki, Murad Musayev 2021–2024-cü illərdə “Sabah”ı çalışdırıb.
