Qurban Qurbanov səhvi etiraf etdi

00:45 - 11 Avqust 2014

"Oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi"

 

Məlum olduğu kimi, bu gün "Qarabağ" Topaz Premyer Liqasının ilk turunda "Sumqayıt"la qarşılaşdı və meydandan 3:0 hesablı qələbə ilə ayrıldı.

 

Sportal.az xəbər verir ki, bu qələbəyə baxmayaraq, Ağdam klubu sözügedən görüşdə limiti pozduğuna görə, texniki məğlubiyyətlə cəzalandırılacaq.

 

Oyundan dərhal sonra Qurban Qurbanovun verdiyi açıqlamanı diqqətinizə çatdırırıq: "Bu gün Azərbaycan Premyer Liqasının açılış turu idi. Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi. Belə ki, ilk olaraq Namiq Yusifovun əvəzinə Meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. İlk olaraq Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi. Amma Namiq Yusifovun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm".

Xəbər xətti